Uşaqların normal inkişafını əngəlləyən amillərdən biri də kompyuterdən həddən artıq istifadə olunmasıdır. Vaxtının böyük hissəsini sosial şəbəkələrə və kompyuter oyunlarına sərf edən uşaq və yeniyetmələrin özünə qapalı, inam hissi az, ünsiyyətqurma imkanları zəif olduqları sübut edilmişdir. Asılılıq nəticəsində virtual aləmdən uzaqlaşmaq istəməyən uşaq kompyuterdən asılı fərdə çevrilir, həmyaşıdlarından, ailəsindən uzaqlaşır, cəmiyyətə uyğunlaşması getdikcə çətinləşir. Bu və ya digər halları aradan qaldırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2012-ci il üçün iş planı təsdiq edilmişdir. Plana uyğun olaraq, komissiya üzvləri Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı ilə birgə Naxçıvan şəhərində yerləşən 20 internet klubunda monitorinqlər keçirmiş, klub sahibləri və yetkinlik yaşına çatmayan uşaqlarla maarifləndirici söhbətlər aparılmışdır.

 

 Bu tədbirlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Ailə,

Qadın və Uşaq  Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti