Qədim zamanlardan həyatda Günəşin rolu və əhəmiyyəti insanların diqqətini cəlb edib və onlar möcüzəvi xüsusiyyətlərinə görə Günəşi ilahiləşdiriblər. Əsrlər keçdikcə bu pərəstiş tədricən obyektiv elmi araşdırmalara yol açıb.
Atmosferdə və Yerin səthində baş verən bütün təbii proseslər Günəşdən Yerə gələn şüaların enerjisinin təsiri altında baş verir. Günəş Yer kürəsini enerji ilə təchiz edir və Yerin Günəşə çevrilmiş tərəfini daim işıqlandırır. Yer səthinə çatan Günəş şüalarının əsas komponentləri işıqdan, infraqırmızı və ultrabənövşəyi şüalardan (elektromaqnit dalğalarından) ibarətdir.
Günəş şüaları atmosferin üst səthinə daxil olduqda Günəş şüalarının bir hissəsi atmosferdə olan qazlar və aerozolların molekulları tərəfindən geriyə, kosmosa tərəf qaytarılır.

Günəş şüaları Yerin səthinə düşərkən radiasiyanın çox hissəsi torpağın nazik üst qatı və ya qalın su qatı tərəfindən udulur, bir hissəsi istiliyə (43 faiz) çevrilir. Bir hissəsi isə (22 faiz) buxarlanma və buludların yaranmasına sərf olunur. Qalan hissəsi fotosintezə, küləklərə və sairə verilir.
Günəş şüalarının Yer səthinə gəlməsi və başqa şəklə salınmış halda getməsi arasında tarazlıq (balans) mövcud olarsa, Yer kürəsində qlobal iqlim dəyişməz qalır. Bu tarazlıq pozulanda isə Yer üzündə iqlim dəyişikliyi baş verir.
Dağlar buludların hərəkətinin qarşısını alırlar və əlavə olaraq dağlara düşən Günəş şüaları əks olunaraq Yerin səthinə istiqamətlənirlər. Buna görə də Naxçıvan Muxtar Respublikası ərazisində Günəş şüalarının intensivliyi yüksək olur, ərazidə quru, kəskin kontinental iqlim üstünlük təşkil edir və yay aylarında temperatur +450 C-dək yüksəlir.
Dağlıq ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən hündürlüyə qalxdıqca atmosferin optik qatının azalması səbəbindən atmosfer radiasiyası hər 100 metrdə 0,007÷ 0,14 kVt/m2 artır.
Qeyd etmək lazımdır ki, Günəş şüalarını ən çox udma qabiliyyətinə yaşıl zəmi (0,93), su və qar (0,995), yaşıl ağaclar (0,94) malikdirlər. Məhz bu səbəbdən qədim zamanlardan insanlar günəşli havada yaşıl ağacların altında, yaşıl otların arasında, bulaq və ya çay sahilində yaşamağa və dincəlməyə üstünlük veriblər.
Muxtar respublika ərazisinə düşən Günəş şüalarının parlaqlığı kifayət qədər yüksəkdir (2900-3000 saat). Burada Günəşin parlaqlığı martda 290-300 saat, apreldə 300-310 saat, mayda 320-330 saat, iyunda 460 saat, iyulda 470 saat, avqustda 470 saat, sentyabrda 330-340 saat və oktyabrda 320 saat təşkil edir.
Günəş radiasiyasının paylanmasında ərazinin yerləşdiyi coğrafi relyef, dağların sıldırımlığı, yamacların düzülüşü və səmanın şəffaflığı əsas rol oynayır. Naxçıvan Muxtar Respublikası ərazisinin atmosferinin şəffaflığı mövsümi olur. Muxtar respublikada radiasiya rejimi mart ayından noyabr ayınadək sabit olaraq qalır və əsasən, regionda buludlu havanın olmasından asılı olaraq dəyişir. Yüksəklikdə atmosfer təzyiqi azalır, Günəşin radiasiyası və şüalanmasının effektivliyi artır, temperatur və rütubətin xüsusi çəkisi azalır.
Ərazisi mürəkkəb, dağlıq relyefə malik olan diyarımızda Günəş radiasiyasının sıldırım dağlar və onların yamaclarında qeyri-bərabər bölünməsi ərazidə böyük mikroiqlim dəyişikliyinə səbəb olur.
Məhz bu səbəbdən regionda insan bədəninin Günəş şüalarını səhər saatlarında qəbul etməsi vacibdir. Çünki bu vaxtlar Günəşin ilk şüalarının komponentlərinin istilik təsirinin səviyyəsi aşağı olur. Bundan başqa, təmiz hava və Günəş şüaları əsəbləri sakitləşdirir və insanlarda xoş əhval-ruhiyyə yaradır.
Günəş şüaları insan bədənində “sevinc hormonu” adlanan serotoninin və D vitamininin artmasına səbəb olur. İnsan hər gün birbaşa Günəş şüaları altında 15 dəqiqə qalmaqla, onun orqanizmi D vitamininə olan tələbatın gündəlik normasını qazanır.
Günəş şüalarının çatışmazlığı, nəticədə, insan sağlamlığına zərər verə bilər. Belə ki, görünən Günəş işığı ətraf mühitin, obyektlərin vizual görünmələrini təmin edir. Günəş şüalarının istiliyi insan orqanizminə təsir edərək damarlarda qan dövranının, tənəffüs sisteminin intensivliyinin yaxşılaşmasına, bioloji aktiv maddələr mübadiləsinin formalaşmasına səbəb olur.
Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və ya xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər.
Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır. Həyat üçün təhlükəli şüalar ozon təbəqəsinin sayəsində Yerin səthinə çatmırlar. Lakin son zamanlar Yer atmosferində baş verən proseslər səbəbindən Yerin səthinə gələn ultrabənövşəyi şüaların miqdarı artıb. ABŞ-ın Albert Eynşteyin adına Tibb Kollecinin alimlərinin apardıqları araşdırmaların nəticələrinə əsasən, Günəş şüaları şəklində insan bədəninə düşən 180-280 nm ultrabənövşəyi şüalar insanın ömrünü azaldır, insanlar daha erkən ölürlər. Bu isə müasir həyat şəraitində insan sağlamlığı üçün böyük təhlükə deməkdir.
Uşaqlar birbaşa Günəş şüalarının təsirinə məruz qalmamalıdırlar. Onların dəriləri böyüklərin dərilərindən, demək olar ki, iki dəfə nazik olur. Buna görə də uşaqlarda dəri xərçəngi riski artır.
Yuxarıda göstərilən amilləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının əhalisi günəşli günlərdə uzun müddət Günəş şüalarının təsiri altında olmamağa çalışmalıdırlar. Günəş şüaları diabet, ürək-damar, endokrin xəstəliklərinin, göz xəstəliyinin ağırlaşmasına, dəridə bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olar və dəri xərçənginə tutulma ehtimalını artıra bilər. Buna görə də ehtiyac olmadan Günəş şüalarının təsiri altında qalmaq yolverilməzdir!
İnsan bədənini Günəş şüalarının zərərli təsirlərindən qorumaq üçün bir sıra mexanizmlər mövcuddur və bu mexanizmlərdən istifadə edilməsi vacibdir. İnsanın özünü Günəş şüalarının təsirindən qoruması çox çətin deyil və bu zaman bir neçə sadə qaydalara riayət edilməsini tövsiyə edirik:
- qadınlar və uşaqlar səhər saat 11-dən saat 18-dək Günəş şüalarının təsirindən qorunmalıdırlar;
- insanlar səhər saat 11-dən saat 17-dək Günəş şüalarının altında fiziki fəaliyyətdən çəkinməlidirlər;
- insanlar isti günlərdə 3-4 litrə qədər maye (mineral sular, ayran, qaynadılmış su və sair) qəbul etməlidirlər;
- Günəş şüalarından qorunmaq məqsədilə mütəmadi olaraq dəri qoruyucularından – çətirdən və ya baş örtüyündən istifadə edilməli, gözlərin qorunması üçün (həkimlərin təyin etdikləri) xüsusi eynəklərdən istifadə olunmalı, bədəni Günəş şüalarının təsirindən qoruyan paltarlar geyinilməlidir.

Məhbub KAZIMOV
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı