Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyəti istiqamətində aparılan işlər bədbəxt hadisələr nəticəsində vətəndaşlara dəymiş zərərlərin əvəzinin ödənilməsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada daşınmaz əmlakını, mülki məsuliyyətini icbari sığorta etdirən vətəndaşlar baş verən gözlənilməz bədbəxt hadisələr zamanı dəymiş zərərə görə sığorta haqqı alaraq  maddi  çətinlik çəkmirlər. Belə bir sığorta hadisəsi bu yaxınlarda Şərur rayonundakı Cəlilkənddə baş vermişdir. İyunun 2-də kənd sakini, 74 yaşlı Tacirə Orucovanın yaşayış evində yanğın hadisəsi baş vermişdir. Qaz plitəsindən yaranmış yanğın qısa müddət ərzində Tacirə nənənin evini bürümüşdür. Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi əməkdaşlarının səylərinə baxmayaraq, yaşayış evinin 190 kvadratmetrinə zərər dəymişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisləri yaşayış evinə baxış keçirmiş və dəymiş zərərin dəyəri  5050 manat məbləğində müəyyənləşdirilmişdir. İyunun 18-də ona çatan sığorta ödənişini alan Tacirə Orucova dövlətimizə öz dərin minnnətdarlığını bildirmişdir.

Xəbərlər şöbəsi