Dünən Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov demişdir ki, əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov bildirmişdir ki, muxtar respublikamızda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir. Qeyd olunmuşdur ki, Kəngərli rayonunda əmək yarmarkalarının keçirilməsinə başlanan vaxtdan ötən müddət ərzində yüzlərlə sakinin məşğulluq problemi öz həllini tapmışdır.
Tədbirdə işaxtaran vətəndaş Leyli Həsənova çıxış edərək yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Əmək yarmarkasına 12 təşkilatdan 47 boş iş yeri çıxarılmışdı. Tədbirdə 12 nəfərə işə göndəriş verilmiş, 1 nəfər peşə hazırlığı kursuna cəlb olunmuşdur.

Xəbərlər şöbəsi