Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında mülki müdafiə, fövqəladə hallardan qorunmaq və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii, texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərinin təşkili” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bu halların aradan qaldırılması üçün vəzifəli şəxslərin üzərinə mühüm vəzifələr düşür.

Belə ki, əvvəlcədən yanğın təlükəsizliyi, texnogen xarakterli hadisələrə hazır olmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu işlərə məsuliyyətsiz, laqeyd yanaşma böyük itkilərə, insan tələfatına səbəb ola bilər. Hər bir vətəndaş bu halların qarşısını almaq üçün müəyyən biliyə malik olmalıdır.
Sonra nazirliyin mülki müdafiə kursunun elmi-metodik işlər üzrə baş müəllimi, baş leytenant Şərif Əsədov, Yanğın nəticələri və yanğından mühafizə işinin təşkili bölməsinin baş zabiti, daxili xidmət baş leytenantı Telman Əhmədov, mülki müdafiə kursunun müəllimi Afaq Hüseynli çıxış edərək mülki müdafiənin xəbərdarlıq siqnalları, dəm qazı, ondan mühafizə üsulları, fövqəladə hallar zamanı davranış qaydaları və ilk tibbi yardımın prinsipləri haqqında məlumat vermişlər.
Tədbirdə iştirakçıların sualları cavablandırılmış və videomateriallar göstərilmişdir.

Əli RZAYEV