“Naxçıvan Muxtar Respublikası sakinlərinin əmək hüququnun qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada səmərəli işgüzarlıq mühiti formalaşdırılıb, investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib”. Bu fikirlər sərhəd bölgəsi Sədərək rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov açıb. O qeyd edib ki, Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır. Ötən illərdə mərkəzə müraciət edən vətəndaşlar əmək yarmarkaları vasitəsilə özlərinə daimi iş yerləri tapıblar.
İşaxtaran vətəndaş Rəhman Mehdiyev belə yarmarkaların keçirilməsinin vətəndaşların işlə təmin edilməsində böyük əhəmiyyəti olduğunu vurğulayıb, işaxtaranlara, xüsusilə gənclərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
Əmək yarmarkasında Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Vurğulanıb ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası məşğulluq probleminin həlli ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir. Samil Kazımov əmin olduğunu bildirib ki, bu gün keçirilən əmək yarmarkasında da iştirak edənlər istəklərinə uyğun iş yeri əldə edə biləcəklər.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Yarmarkaya 7 dövlət və özəl təşkilatdan 92 boş iş yeri çıxarılmışdı. Həmin gün 12 nəfərə göndəriş verilib.

Cəfər ƏLİYEV