Burada məhdud fiziki imkanlı uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb

Ağbulaq İstirahət Mərkəzinə gedəcəyimi, burada dövlət hesabına dincələn məhdud fiziki imkanlı uşaqlar və onların valideynləri ilə görüşəcəyimi biləndə yadıma sovet dönəmində muxtar respublikanın füsunkar yaşayış məntəqələrinin bir neçəsində təşkil edilmiş pioner düşərgələri düşdü. Düzünü etiraf edək ki, o zaman belə ünvanlarda, əsasən, imkanlı valideynlərin övladları dincəlirdilər. Bu müqayisəni aparmaqda məqsədim dünənlə bu gün arasındakı fərqi ortaya qoymaqdır. Yəni dünən imkanlı valideynin övladı belə imtiyazdan istifadə edirdisə, bu gün məhdud fiziki imkanlı uşaqlar bu imtiyazdan, qayğıdan yararlanırlar. Bu da onu göstərir ki, muxtar diyarımızda bu qəbildən olan uşaqlar dövlətimizin daim himayəsindədirlər. Onların problemlərinə həssaslıqla yanaşılır, müalicələri qeydinə qalınır, cəmiyyətə inteqrasiya olunmaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunlar isə məhdud fiziki imkanlı uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır.

Redaksiyadan Ağbulağa yola düşərkən bu düşüncələr içərisində idim. Şahbuz rayonunun ən ucqar və ən füsunkar yaşayış məntəqəsi olan Ağbulağa gedən yol bu gün ən müasir standartlar səviyyəsindədir. Son illər yol kənarlarında əkilmiş meşə və meyvə ağacları, yamaclarda göz­oxşayan çiçəklər insana mənəvi rahatlıq bəxş edir. Düşünürsən ki, belə yerdə “hər kim yüz il yaşamasa, günah onun özündədir”.
Avtomobil dolayı yollarla irəlilədikcə mənzərələr daha da zənginləşir, bizi öz ovsununa alır. Şahbuz-Batabat avtomobil yolundan sağa dönürük. Gözəllikləri qələmə almaq üçün söz axtarıram. Etiraf edim ki, çətinlik çəkirəm. Şair istəyir ki, bu gözəlliklərə şeir qoşsun, bəstəkar sorağındadır ki, nəğmə bəstələsin, rəssamın da ən gözəl tablosunun mövzusudur bu mənzərələr.
Məlumat üçün bildirim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 47 sağlamlıq imkanları məhdud məktəbli uşaq Ağbulaq İstirahət Mərkəzində istirahət edir. Onlarla yanaşı, burada 17 valideyn də dincəlir. Uşaqlara nəzarət etmək üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 müəllim ayrılıb. Uşaqların istirahətinin mənalı təşkili üçün tədbirlər planı tərtib olunub. İlk tədbir iyunun 5-də keçirilib. “Çərpələng” yarışında qaliblərə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin fəxri fərmanları verilib. Bizim mərkəzdə olduğumuz gün də qələbəlik idi. Belə ki, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edirdi.
Mərkəzdə müxtəlif idman yarışları təşkil olunur, uşaqlar gəzintiyə aparılır, intellektual oyunlar keçirilir. Bu da sağlamlıq imkanları məhdud məktəbli uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayan amillərdən biridir.
Sözügedən ünvanda bir neçə valideyn və uşaqla həmsöhbət olduq. Naxçıvan şəhərindən nəvəsi Vüsalla gəlmiş təqaüdçü Rəfael Sadıqov bildirdi ki, ikinci dəfədir, mərkəzdə istirahət edirlər. Burada yaradılmış yüksək şəraitdən razılıq edən həmsöhbətim minnətdarlıq hisslərini dilə gətirdi, dövlətimizin sağlamlıq imkanları məhdud məktəbli uşaqlara belə qayğısının onu xeyli riqqətə gətirdiyini vurğuladı.
Söhbətə qoşulan Şahbuz rayonunun Badamlı kənd tam orta məktəbinin müəllimi Firuz Zeynalov bildirdi ki, buraya nəvəsi Səidlə gəlib. Belə tədbirin reallaşmasını Firuz müəllim muxtar respublikada insan amilinə göstərilən yüksək qayğı kimi dəyərləndirdi:
– Sosial-iqtisadi inkişafımız sürətləndikcə insanların yaşam tərzi də xeyli yaxşılaşır. Elə dövlətimizin belə uşaqlara böyük qayğısının ifadəsi olan bu tədbir də muxtar respublikada təmin olunmuş sosial-iqtisadi inkişafın bəhrəsidir. Bir neçə gündür ki, burada dincələn uşaqların sevincini gördükcə özüm də cavanlaşıram sanki. Belə qayğı üçün sağlamlıq imkanları məhdud uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımı bildirirəm.
Bəyim Kərimova Ordubad rayonunun Çənnəb kəndindən gəlib. Oğlu Hilalla birgə istirahət edir. Bəyim xanım da burada gördüklərindən razılıq etdi. Övladı və digər uşaqlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirdi.
Culfa rayonunun Camaldın kənd tam orta məktəbinin on birinci sinif şagirdi Turan Həsənov burada onunla birgə mənalı istirahət edən yoldaşlarının fikirlərini dilə gətirdi.
Beləcə, kimlə həmsöhbət olduq, hamısı ağızdolusu razılıq hisslərini bildirdi. Bu gözəl ünvandan, düzünü deyim ki, ayrılmağımız gəlmirdi. Düşünürdüm ki, üç tərəfdən yaşıllığa bürünmüş dağlarla əhatə olunan Ağbulaq İstirahət Mərkəzinin bu gün qoynuna aldığı sağlamlıq imkanları məhdud uşaqlara, onların valideynlərinə bağışladığı təəssüratlar, yəqin ki, bu insanların yaddaşlarından uzun müddət silinməyəcək, dövlətimizin qayğısı hər zaman onları əhatə edəcək.

Muxtar MƏMMƏDOV