Mədəniyyət hər bir insanın cəmiyyətdəki davranış və tələbatlarını müəyyən edən mühüm anlayış olub, minilliklər ərzində sivilizasiyanın hərtərəfli inkişafla əldə etdiyi nailiyyətlərin göstəricisidir. Rahat yaşamaq, təkcə özünün deyil, bütün cəmiyyət üzvlərinin rifahı üçün riskləri zəmanət altına almaq isə sığorta mədəniyyəti kimi hələ yüz illər öncəsindən formalaşmağa başlamışdır. 

Cəmiyyətin inkişafı insanın müxtəlif mədəni tələbatlarının yaranması və onların bir kollektiv ehtiyac kimi ödənilməsi ilə mümkündür. Yəni mədəniyyət deyəndə, sadəcə, bir sahədəki inkişaf başa düşülməməlidir. Mədəniyyət həm də həyatımızın bütün sahələrində müşahidə olunan və ictimai rifahın formalaşmasına imkan verən bütün sahələrdə əldə olunan nailiyyətlərdir. İnsanların öz asudə vaxtlarını qiymətləndirib turizm səfərlərinə yollanmaları, yaxud boş vaxtlarının bir hissəsini ekoloji tərbiyəyə və ya yaşıllaşdırmaya ayırmaları, səhhətlərində hər hansı kiçik nasazlıq yarandıqda dərhal həkimə müraciət etmələri, alınmış kredit vəsaitlərinin vaxtında geri qaytarılması və habelə özlərinin həyatlarının, əmlaklarının, mülki məsuliyyətlərinin vaxtında sığortasının təmin olunmasının, son nəticədə, bütün cəmiyyətə və elə insanın özünə də necə faydalı olduğunu görməkdəyik.

Ona görə də sığorta olunmaq mühüm tələbatlardan biridır və onun cəmiyyətdə yayılması müəyyən təkamül mərhələsindən keçərək, həllivacib məsələlər sırasına daxil olmuşdur. Risklərə qarşı etibarlı sığorta fondu yaradıb onun zəmanəti içində rahat yaşamağı qışa etibarlı ərzaq və yanacaq ehtiyatı yaratmaq kimi təməl ehtiyaclarla müqayisə etmək mümkündür. Bu baxımdan insanların öz həyat və fəaliyyətində buna necə əməl etmələri, digər təxirəsalınmaz işlər kimi sığorta olunmağa da çox ciddi münasibət göstərmələri günümüzün mədəni normaları arasında özünə yer tutmaqdadır.
Müasir dövrdə ailə büdcəsinə nəzarət, gəlir və xərclərin düzgün idarə olunması, sığorta savadlılığının artırılması istiqamətində insanların maarifləndirilməsinə çalışılır. Məqsəd isə odur ki, cəmiyyətdə iqtisadi inkişaf sürətləndikcə adamlar öz büdcələrinə nəzarət edə bilsinlər, başqa sözlə, ailənin iqtisadi təhlükəsizliyi təmin olunsun. Sözsüz ki, inkişaf sürətləndikcə insanlar həyat səviyyəsinin yüksəlməsi ilə daha çox maddi nemətlər istehlak etməyə, daşınmaz əmlak, avtomobil əldə etməyə, səyahətlərə yollanmağa meyil edirlər. Bu da, öz növbəsində, çoxlu miqdarda maliyyə vəsaitlərinin toplanması və sərfi ilə mümkündür.
Bununla yanaşı, insanların gözlənilməz, təsadüfi hadisələr zamanı üzləşdiyi maddi itkilər o qədər çox ola bilər ki, bu zaman uzun illər ərzində qənaətlə toplanmış bütün vəsaitlər yox ola bilər. Başqa sözlə, vaxtında sığortalanmayan daşınmaz əmlak, avtomobil və ya hər hansı fəaliyyət riskli bir hadisə ilə üzləşərkən dəymiş zərərlər insanların maddi vəziyyətini ağırlaşdırar, onları çıxılmaz vəziyyətə sala bilər. Ona görə də sığorta olunmağa ciddi münasibət bəslənilməsi adamların başına gələ biləcək riskli hadisələrin ağır nəticələrindən qorunması deməkdir ki, bu da sığorta mədəniyyətinin mühüm hissəsidir.
Cəmiyyətdə sığorta mədəniyyətinin formalaşması bir sıra amillərdən asılıdır. İlk olaraq, bu, sığorta fəaliyyətini təşkil edən müxtəlif təşkilatların, qurumların və sığorta olunmağa maraqlı olan şəxslərin qarşılıqlı etibarlı əməkdaşlığı nəticəsində formalaşır, sığorta bazarı iştirakçılarının davranışlarını tənzimləyən bir normalar sisteminə çevrilir. Qeyd olunduğu kimi, burda ilk mühüm şərt ölkənin maliyyə sistemindəki sabitlikdən, formalaşmış etibardan ibarətdir. Bu, elə bir vacib məqamdır ki, bu zaman sığorta­olunanın sığorta edənə, sığortaedənin isə sığortaolunana qarşılıqlı inamı yaranır və sığorta tərəflər arasında inkişaf edən cəmiyyətin bir sosial sifariş modelinə çevrilir. Bundan sonra əhalinin sosial müdafiəsinin təşkil olunması, təsadüfi gözlənilməz hadisələr baş verdikdə maddi itkilərin sığorta fondu vasitəsilə əvəz olunması, beləliklə də, insanların çıxılmaz vəziyyətdən qurtarılması sığorta işini təşkil edənlərin vəzifəsinə, vaxtında sığortalanmaqla sığortanın üstünlüklərindən istifadə etmək isə bütün sığortaolunanların borcu və sosial məsuliyyətinə çevrilir.
Sığorta işinin təşkilində yüksək xidmət mədəniyyətinin yaradılması, sığortaolunanlarla sığortaçı qurum arasında təşkilati məsələlərin həlli ilə yanaşı, öhdə­liklərin qanunvericiliklə müəyyən olunmuş qaydada yerinə yetirilməsi də bu işin vacib şərtlərindəndir. Bu isə sığorta müqaviləsi bağlanan zaman hər iki tərəfin üzərinə düşən vəzifələrin və öhdəliklərin dəqiq müəyyən olunması, onlara əməl edilməsi ilə mümkündür. Başqa sözlə, sığorta müqaviləsində əks olunmuş qaydaların sığortaçı kimi sığorta olunana da aid olunduğunu, müqavilədə göstərilməyən hallara görə sığorta ödənişinin tələb edilməsinin qanunun tələblərini pozmaq olduğunu bilmək lazımdır.
Göründüyü kimi, sığorta işinin təşkili və aparılması zamanı lazımi sənədləşmənin yerinə yetirilməsi və onun yüksək səviyyədə təşkili ilə yanaşı, öhdəliklərin icrası bu işin uğuru üçün ən vacib şərtlərdən sayılır. Baş vermiş sığorta hadisəsinin vaxtında və keyfiyyətlə araşdırılması, müqavilənin şərtlərinə uyğun sığorta ödənişlərinin verilməsi sığortaçı qurumun işi üçün ən yaxşı reklamdır. Eyni ilə sığortaolunan vətəndaşlar öz maraqlarını bildikləri kimi, dövlətin də qanunlarına ciddi yanaşmaları bu vacib sahənin fəaliyyəti üçün mühüm şərtlərdən biridir.
Beləliklə, sığortanın uğurunu, onun bütün cəmiyyəti qane edə biləcək şəkildə çoxşaxəliliyini təmin etmək yalnız dövlətin və ya bir təşkilatın üzərinə düşən iş deyil, eyni zamanda bütün vətəndaşların, sığorta oluna biləcək fiziki və hüquqi şəxslərin, bir sözlə, öz həyatını, əmlakını, mülki məsuliyyətini sığorta edən hər bir kəsin qayğısına çevrilməlidir. Bundan əlavə, cəmiyyətdə sığorta mədəniyyətinin yüksəldilməsi elm və ali təhsil müəssisələrinin, gündəlik mətbuatın da vəzifəsinə çevrilməli, hamı bu işin mütəşəkkilliyinə çalışmalıdır. Belə ki, sığorta hadisəsi baş verdikdə alınan sığorta ödənişləri çətin vəziyyətdə olan şəxslərə nə dərəcədə həyati vacibdirsə, sığorta olunmağa da ciddi yanaşaraq burada möhkəm fond yaratmaq da o dərəcədə təxirəsalınmaz və həyatidir. Çünki bədbəxt hadisənin nə vaxt gələcəyini heç kim qabaqcadan deyə bilməz. Bunun nəticələrinə biz yalnız öz mütəşəkkilliyimizlə hazırlıqlı ola bilər, özümüzün və ətrafdakı insanların gələcək normal həyatını təmin edə bilərik. Bu, hər kəsin qarşısında duran ən zəruri sığorta mədəniyyətidir.

Əli CABBAROV