Muxtar respublikada bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilməsinə geniş imkanlar yaradıb. Onların asudə vaxtlarının səmərəli təşkil edilməsi, təhsil almaları, sosial qayğı ilə əhatə olunmaları daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər görülür. Bu qəbildən olan uşaqlara dövlət tərəfindən hər zaman həm maddi, həm də mənəvi dəstək göstərilir, istər dövlət uşaq müəssisələrində, istərsə də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqların ehtiyacı ödənilir, onlara geyim dəstləri və dərs ləvazimatları verilir.
1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbir də bu istiqamətdə görülən işlərin davamıdır.

Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyid­ova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəssisə adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər təqdim edilib, musiqi nömrələri səsləndirilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin keçirilməsi bəndinin icrasına uyğun olaraq, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan tədbirlər davam etdirilir.
Mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların gəzintisi təşkil olunub.
Parkda uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqlar əyləncə guşələrində və digər at­traksionlarda əyləniblər. Həmçinin gəzintidə uşaqlara pulsuz iaşə xidməti də göstərilib.
Gün ərzində bu kateqoriyadan olan uşaqlar üçün bütün əyləncə guşələri pulsuz olub.
Həmin gün sağlamlıq imkanları məhdud uşaqlar üçün M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca” pyesi əsasında səhnələşdirilmiş tamaşa göstərilib.
Anaya məhəbbət, xeyirxahlıq kimi yüksək insani keyfiyyətlər təlqin edən tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.
Uşaqların asudə vaxtının mənalı təşkili onlarda xoş ovqat yaradıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə daha bir tədbir Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində təşkil olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Zeynal Hümbətov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elçin Novruzov çıxış edərək hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara və aztəminatlı ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs ediblər.
Məktəbin direktoru Samir Zeynalov xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara geyim dəstləri verilib.

Xəbərlər şöbəsi