Hər dəfə qar yağanda babamın mənə uşaqlıq vaxtlarımda dediyi sözlər yadıma düşür: qar bərəkətdir. Qar yağanda elə bilin ki, göydən bərəkət yağır. Qar yağırsa, deməli, ulu Tanrı bəndələrini sevir, onların ruzi payını göndərir. Çünki nə qədər çox qar yağarsa, ruzi-bərəkət o qədər çox olar. Zəmilər yaxşı göyərər, məhsul bol olar. Bulaqların suyu qurumaz, il boyu çağlayar, yazda da, qızmar yayda da çayların suyu azalmaz. Ona görə də qışın gözəlliyi qardır. Qar növbəti ilin məhsul sevincinin müjdəçisidir.

Bu gün səhər açılar-açılmaz qar yağmağa başladı. Fikir verdinizsə, hamının sevindiyini görmüsünüz. Qarın rəngi ağdır, ağ isə aydınlıq simvoludur. Qar yağanda sanki fikirlər də aydınlaşır. Simalara sevinc qonur. Uşaqların sevinci isə yerə-göyə sığmır. Məktəbə yollanarkən, dərsdən çıxıb evə qayıdarkən əlləri üşüyənədək, əlcəkləri islananadək qartopu oynayırlar.

Babama zəng elədim. Səsini eşidər-eşitməz salam da vermədən “bayramın mübarək”, – dedim. O dəqiqə nə dediyimi başa düşdü, güldü və o da mənim qar bayramımı təbrik elədi. Qış gələndən artıq üç-dörd dəfə babamın qar bayramını təbrik etmişəm, hiss edirəm ki, onun bu bayramının sayı çoxalır və o, buna çox sevinir. Əziz oxucu­lar, sizin də qar bayramınızı təbrik edirəm. Bu bayramın sevincini doya-doya yaşayın. Çünki qar nə qədər çox yağsa da, heç bir qorxusu, təhlükəsi yoxdur, bütün lazımi tədbirlər vaxtlı-vaxtında görülür. Şəhərimizdə, rayonlarda, hətta ucqar kəndlərədək uzanan yollarda yağan qar mütəmadi olaraq xüsusi texnikalar vasitəsilə təmizlənir. Qarın avtomobillərin, piyadaların hərəkəti üçün maneəyə çevrilməsinə imkan verilmir. Bizə qalır yalnız qarın sevincini yaşamaq.

Qartopu oynayan uşaqlara qoşulmağı unutmayın, bunun üçün uşaq olmaq lazım deyil ki... Böyüklər də qartopu oynaya bilər. Onlarla sevinci, bu gözəl bayramı bölüşün. Qar bayramınız mübarək!

Əzəmət HƏSƏNOV