1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqlarının tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Tarix Muzeyində olmuş, 50 minə yaxın eksponatın mühafizə olunduğu muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi-mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, həmçinin qiymətli metallardan hazır­lanmış zinət, məişət əşyaları ilə tanış olmuşlar.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı uşaqlara bildirilmişdir ki, muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə ümummilli lider Heydər Əliyevə məxsus şəxsi əşyalar saxlanılır, ulu öndərimizin həyatının müxtəlif dövrlərinə həsr olunmuş stendlər yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrə aid sənəd və materiallar, məktub, qərar və sərəncamlar toplanmışdır. Ümumilikdə, muzeydə 4255 eksponat var.
Ekskursiya iştirakçıları Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzi, Möminə xatın türbəsi, Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olmuşlar.
Sonda ekskursiyada iştirak edənlər Naxçıvan Dövlət Film Fondunda “Biz qayıdacağıq” filminə baxmış, onlara hədiyyələr təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti