Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”nın sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin keçirilməsi bəndinin icrasına müvafiq olaraq, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə mayın 26-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt döşəmə üzərində rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə 18 yaşadək sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. Müsabiqə iştirakçıları tabaşirlə təbiət və vətənpərvərlik mövzusunda rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyi əsasında Fatma Babayeva, Lamiyə Abbasova və Xanım Qaçaşvilinin çəkdikləri rəsm nümunələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Sonda müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti