Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi “Dizayn Mebel” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici tədbir keçirib.
Tədbirdə şöbənin əməkdaşları Asim Cəfərov, Anar Eynalov və Fərid Vəliyev məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə geniş məlumat veriblər.
Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında tənzimlənən münasibətlərdən ən vacibi məhz işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi kimi zəruri sosial sığorta hadisələrindən yararlanmaları üçün onların “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə məcburi dövlət sosial sığortasına cəlb olunmasının təmin edilməsidir. Bütün işləyən vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsinə maraqlı olmalıdır.
Vurğulanıb ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən bank köçürmələri, onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti