Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması təhlükəsizlik və sağlamlıq şərtlərinə tam cavab verən iş yerlərinin yaradılması məsələsini aktuallaşdırır.
Bu məqsədlə istehsal, emal və tikinti sahələrində kimyəvi qazların, rütubətin, tozlanmanın, səsin, işıqlandırmanın, şüalanmanın, istiliyin və digər amillərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Fiat” markalı müasir səyyar laboratoriya avtomobili ilə təmin olunub. Xidmətin əməkdaşları mövcud avadanlıqlardan istifadə qaydalarını mənimsəmək üçün Bakı şəhərində keçirilən təlim kurslarında iştirak ediblər.
Səyyar laboratoriya istehsal prosesində, kimyəvi məhsulların istehsalı və istifadəsi aparılan müəssisələrdə və qapalı iş sahələrində oksigen qazının, partlayıcı xassəyə malik metan qazının, zəhərli dəm, xlor, kükürd, azot və digər qazların səviyyəsinin ölçülməsini həyata keçirən doqquz ədəd “Toxi Rae” və iki ədəd “Ultra Rae-3000”, binalarda (ofislərdə, otaqlarda və sair) iş sahəsinin işıqlandırılmasını, qapalı müəssisələrdə mövcud hərarətin və rütubətin, səs səviyyəsinin, açıq hava şəraitində aparılan işlər zamanı ultrabənövşəyi şüaların, müəssisələrdə dəzgahların, boruların, mexanizmlərin, mühərriklərin hərarətini və sair amillərin səviyyəsini ölçən portativ avadanlıqlarla təmin olunub.

Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriya əməkdaşları yeni səyyar laboratoriya avtomobilinin köməyilə ilk monitorinqi həyata keçiriblər. “Dizayn Holdinq” Şirkətlər İttifaqı “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin Metaləritmə Zavodunda, Naxçıvan Modul Elektrik Stansiyasında və “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində ölçmələr aparılıb. Hər üç müəssisənin müxtəlif iş sahələrində insan sağlamlığına mənfi təsir göstərə bilə­cək amillər müvafiq avadanlıqlar vasitəsilə yerindəcə yoxlanılıb, nəticələr normalarla uzlaşdırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Ruslan Ələkbərov bu istiqamətdə həyata keçirilən tədbirlər, ilk ölçmələrin qənaətbəxş nəticələri barədə məlumat verərək qeyd edib ki, yeni avadanlıqlar muxtar respublikamızın istehsal, emal və tikinti sahələrində çalışan insanların sağlamlığına mənfi təsir göstərən amillərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasına, sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına imkan verir.
Məlumat üçün bildirək ki, yeni səyyar laboratoriya avtomobilinin köməyi ilə belə tədbirlər muxtar respublikamızda fəaliyyət göstərən bütün istehsal və emal müəssisələrində davamlı olaraq aparılacaq, işçilərin sağlamlığına mənfi təsir edə biləcək amillər ortaya çıxdıqda onların aradan qaldırılması ilə bağlı lazımi tədbirlər görüləcəkdir.

Əzəmət HƏSƏNOV