Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsədə xidmət edir. Hələ qədim zamanlardan xalqımızın düşüncəsində ailə müqəddəs ocaq anlamında olmuşdur. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondunun daşıyıcısı kimi mühüm əhəmiyyətə malikdir. Bu mənada ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs anlayış olmuşdur. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını dolğun şəkildə qoruyub saxlamaqdadır. Tarix boyu xalqımız ailənin qurulmasına mühüm bir hadisə kimi yanaşmış, onun təməlinin möhkəm olmasına çalışmışdır.

Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə milli dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, ailə dəyərlərinə qayğı da diqqət mərkəzində saxlanılmışdır. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qaydışından sonra cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də mühüm işlər görülmüş, bu sahəni tənzimləyən qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin əsas özəyi kimi təsbit edilmişdir. 1999-cu il dekabrın 28-də qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi isə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapmışdır.
“Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”, – deyən ulu öndər Heydər Əliyev ailə institutunun inkişafına xüsusi diqqət yetirmişdir. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən, milli genefondumuzun möhkəmlənməsinə xidmət edir. Ailə dəyərlərinə həmişə böyük həssaslıqla yanaşan dövlət başçısı demişdir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq, görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Muxtar respublikamızda dövlət ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sen­tyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutlarının formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir. Hazır­da muxtar respublikada 92 min 631 ailə yaşayır. Bunlardan 247-si şəhid ailəsidir. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə müavinətlər, ünvanlı sosial yardımlar təyin olunur. Təkcə 2014-cü ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 863 min 488 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ailələrin rifahının yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, gənc ailələrin mənzilə olan ehtiyaclarını aradan qaldırmaq üçün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 3 yaşayış binası tikilərək ipoteka yolu ilə gənc ailələrə satılmışdır. Bundan əlavə, yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisinə başlanılmışdır.
Milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərini qorumaq təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Ona görə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq muxtar respublikanın rayonlarında və kəndlərində müvafiq mövzularda konfranslar, seminarlar keçirir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsinə təsir edən amillərlə bağlı çıxışlar edilir, maarifləndirici tədbirlər keçirilir.
Cəmiyyətdə ailənin psixoloji sağlamlığı əsas meyarlardan hesab olunur. Çünki ailənin psixoloji sağlamlığına ailə dəyərlərinin üstün tutulması aiddir ki, bu da ailənin uzun­ömürlü olmasına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikasında ailəsini ömrünün sonuna qədər qoruyub saxlayan uzunömürlü xoşbəxt ailələrimiz kifayət qədərdir. Muxtar respublikamızda uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilmişdir. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara qiymətli hədiyyələr verilir.
Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları isə ailə mənəviyyatının özülüdür. Ona görə də xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə düşən vacib vəzifədir.

Muxtar respublikamızda qeyd olunan vəzifələrin icrası, milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti