Səhər idi. Həmişəki kimi, böyüyündən kiçiyinə hər kəs gedəcəyi ünvana vaxtlı-vaxtında çatmaq üçün tələsirdi. Dayanacağa xeyli insan toplaşmışdı. Yəqin, havanın soyuq olduğuna görədir ki, növbəti avtobusun gəlişini hamı xüsusi səbirsizliklə gözləyirdi. Çox keçmədi ki, 4 nömrəli avtobus növbəti dayanacağa yaxınlaşdı və elə o andaca hər gün rastlaşdığım daha bir sərnişin çaxnaşması başladı. 

Qəribə mənzərə idi: bir tərəfdə avtobusdan canını qurtarmaq üçün bir-birinə aman verməyən sərnişinlər, bir tərəfdə onların nizamsız şəkildə sürücüyə uzatdıqları pul, bir tərəfdə bu pula görə çaş-baş qalmış sürücü, bir tərəfdə də avtobusun ön və arxa qapılarından içəriyə girmək üçün qarışıqlıq salanlar və onların yaratdığı həngamə. Belə məqamlarda adam bilmir neyləsin. Avtobusun içində və çölündə baş verənlər geniş və maraqlı mövzu verir insana. Əlbəttə ki, bu əsərin baş qəhrəmanı da biçarə sürücüdür. O, bir neçə işi eyni anda görə bilir. Məsələn, avtobusun gedəcəyi ünvanları soruşan sərnişinin suallarını cavablandıraraq başqa bir sərnişinin o anda uzatdığı pulun qalığını qaytarır və elə həmin məqamda “Arxa qapını aç, düşüm” cümləsini dayanmadan təkrarlayan sərnişini ön qapıya dəvət edir və başqa sərnişinlərin avtobusa minmələri üçün arxa qapını açdıqda elə o andaca bayaqkı narazı sərnişinin uzatdığı pulu almaq, onun yaratdığı qarışıqlığa birtəhər dözməyə məcbur olur. Nə deyək? Görünür, belə məsləhətdir...

Axı bizim avtobuslarda əksər qayda-qanunu sərnişinlərin özü müəyyən edir. Necə deyərlər, evin içi də mənim, çölü də mənim. Yəni heç kim onlara deyə bilməz ki, bəs avtobusda müəyyən olunmuş davranış qaydaları var, filan qaydaya görə sənin elədiyin düzgün deyil, filan hərəkət sürücünün işinə mane olur və sair və ilaxır. Sərnişin qalxıb sənə elə gözünü bərəldər, elə qaş-qabaq sallayar ki, dediyinə min dəfə peşman olarsan. Doğru sözümdür, bizim avtobuslar çox maraqlıdır. O qədər maraqlıdır ki, onların köməyilə hərəkət etmək gündəlik əyləncəyə çevrilir. Məsələn, avtobusa minirsən, yerini rahatlayıb əyləşən kimi baxırsan ki, avtobusun divarına bir kağız bənd edilib və orada iri, qara hərflərlə bu sözlər yazılıb: “Xahiş olunur, hər kəs öz gedişhaqqını ödəsin”. Növbəti gün həmin avtobusda belə xəbərdarlıqdan birini də görürsən. Anlayırsan ki, arxa oturacaqlarda əyləşənləri unutduğuna görə biçarə sürücünün qanı yaman qaralıb və onların könlünü almaq üçün ikinci kağızı da arxa divara bənd etməyi qərara alıb. Amma ən maraqlısı, bu kağızların heç bir xeyri olmadığını qəbul etməkdir. Çünki bizim avtobuslarda hamı bir-birinin əvəzindən gedişhaqqı ödəməyi özünə nəinki borc, hətta böyük şərəf hesab edir. Afərin bizə! Necə də lütfkar və nəzakətliyik! “Mənim pulum çatıb”, ya da “Bir nəfər də qabaqda düşəcək” (bu, iki, üç, dörd nəfər də ola bilər), – bax bu cümlələri biz çox sevirik. Heç onları işlətməmək olar? Daha onda avtobusa minməyin nə mənası var? Axı biz xəsis deyilik ki, təkcə öz gedişhaqqımızı ödəyək. Həm də ki, axı biz sürücünü də düşünürük. Belə edirik ki, onun riyazi biliyi günbəgün inkişaf etsin, çətin riyazi bölgüləri asanlıqla hesablasın. Bir anda beş nəfərin pulunun qalığını qaytarıb başqa bir beş nəfərin pulundan da “qabaqda düşəcəklərin” hesabını çıxsın. Doğrudur, arada təşvişə düşürük ki, sürücü pulun qalığını düzgün qaytarmayıb, hələ sürücünü bir az da danlayırıq, amma əsas odur ki, dost-tanışımız yanında gözükölgəli olmayaq. Heç kim düşünməsin ki, əliaçıq deyilik. Nə deyirik? Görünür, belə məsləhətdir...
Bundan başqa, bizim avtobuslarda hər kəsin öz yeri var. Düzdür, bir az qəribə səslənir, amma bu, belədir. Yəni ki, arxa oturacaqlar kişilər üçün, qabaq oturacaqlar isə qadınlar üçün “müəyyənləşdirilib”. Çox maraqlıdır, elə deyilmi? Məsələn, bizim xanımlar arxa oturacaqlar boş olsa da, ayaq üstdə dayanmağı daha üstün tuturlar. Kişilər də həmçinin. Söz veriblər ki, ön sıralarda yer olsa da, bütün yolu ayaq üstdə gedəcəklər. Və beləliklə, avtobuslarımızda daha bir maraqlı mənzərə yaranır: salonda müəyyən sayda boş oturacaq var, amma sərnişinlər ayaq üstdədirlər. Sıxlıq isə getdikcə artır. Sonra isə gərginlik başlayır. Tapdalanmış ayaqqabılar, təsadüfi sərt hərəkətlər, gərilmiş əsəblər... Hamı bir-birinə elə qəzəblə, elə hiddətlə baxır ki, ünvana çatmaq istəyi saniyəbəsaniyə böyüyür. Nə deyək? Görünür, belə məsləhətdir...
Hələ avtobusa minməyi və düşməyi demirəm. Bu, bizim üçün ən maraqlı məqamdır. Bəli, qəribədir, amma nədənsə biz heç bir yolla qəbul etmək istəmirik ki, avtobusun arxa qapıları avtobusa minmək, ön qapıları isə oradan düşmək üçündür. Bu ki “köhnə bazara təzə adət gətirmək” deməkdir. Axı əvvəlki vərdişlərimizi niyə də tərgitməliyik? Avtobusun qapıları qarşısında sıxlıq yaratmaq, düşənlərə, minənlərə mane olmaq bizim üçün daha məqbuldur, nəinki sıramızı gözləmək. Elə hey narahatıq ki, birdən salonda yer olmaz və biz kənarda qalarıq. Kənarda qalmaqdansa onsuz da dolu olan avtobusa güc-bəlayla minmək bizə görə daha məqsədəuyğundur. Düzdür, bu mərhələ bir az bacarıq tələb edir, amma biz bunun da öhdəsindən rahatca gəlir, əsl peşəkar kimi dolu avtobusda özümüzə yer eləyə bilirik. Nə deyək? Görünür, belə məsləhətdir...
Bəli, bu söhbətin sonu əvvəlindən elə də fərqlənmir və fərqlənə də bilməz. Çünki bütün bu qarmaqarışıqlıq, bütün bu həngamə bizimlə başlayır və yalnız bizimlə də sonlana bilər. Biz isə əlimiz qoynumuzda hələ ki, gözləyirik. Nə deyək? Görünür, belə məsləhətdir...

Səbuhi HÜSEYNOV