Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin (Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində  əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi) icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmış qrafikə əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələlər təşkil olunur. Bu günədək, ümumilikdə, 153 ümumtəhsil məktəbinin yuxarı sinif şagirdlərinə peşəyönümü məşğələlər keçilmişdir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, mayın 2-də Naxçıvan şəhərindəki Qızlar Liseyinin və Yarımca kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti peşəyönümü məşğələlər keçilmişdir. Məşğələdə Naxçıvan Şəhər və Babək Rayon Məşğulluq mərkəzlərinin əməkdaşları tərəfindən əyani vasitələrlə məşğulluq xidmətinin fəaliyyəti, muxtar respublikanın əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmiş və şagirdlərin hansı peşələrə maraq göstərmələri barədə sorğu keçirilmişdir.
Ümumiyyətlə, peşəyönümü məşğələlərin təşkili əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşmasına, şagirdlərin meyil və maraqları nəzərə alınaraq onların düzgün peşə seçimi etməsinə imkanlar yaradır.
Məşğələlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin mətbuat xidməti