Ailə bütün dövrlərdə birlik rəmzi kimi müqəddəs sayılıb. Təsadüfi deyil ki, ailə “kiçik dövlət” adlandırılır. Bu kiçik dövlətin idarə olunması qarşılıqlı hörmət, məhəbbət prinsipinə əsaslanır. Əgər bu kiçik dövlətin təməli möhkəm, Azərbaycan milli mentalitetinə əsaslanan zəmin üzərində qurularsa, gələcək nəslin qayğısı da az olar, sağlam psixologiyalı gənclər və ən əsası düzgün tərbiyə mühitində formalaşmış gələcəyin valideynləri yetişər. Sağlam psixologiyalı gənclik həm valideynlərinə, həm də dövlətinə, millətinə xeyirli vətəndaş deməkdir. Və bu alqoritm onu göstərir ki, ailə ilə cəmiyyət, dövlət bir-biri ilə bağlı vəhdətdə inkişaf edir. Hər birinin təməli necə qoyularsa, o inkişaf xətti ilə də davam edir.

Azərbaycan milli mentalitetinə uyğun ailə dedikdə böyüyə hörmət, qarşılıqlı məhəbbət, kiçiklərə qayğı prinsipinə əsaslanan ailələr nəzərdə tutulur.     
Ailənin fərdləri arasında nə qədər özbaşınalıq olarsa, hamı öz bildiyini edərsə, ailə dəyərləri məhv olar, səmi­milik anlayışı artıq öz yerini etinasızlıq anlayışına verər. Nəticədə, bir-birini itirmək qorxusu qalmaz. Bizim dəyərlərə uyğun ailələrdə ata evin başçısı, ana qayğı mənbəyi hesab olunur. Uşaqlar isə onlardan gördüyü təlim-tərbiyə ilə böyüyüb formalaşırlar. Və həmin övladların gələcək atalıq, analıq hissləri onlarda ailədə gördükləri kimi təzahür edir. Valideynlərinin milli tərbiyə sistemi ilə böyüyən uşaqlar düzgün olmayan hər hansı bir hərəkəti etməzdən əvvəl istər-istəməz düşünür, onun nəticələrinə aydınlıq gətirməyə çalışırlar. Ata-ana ciddiyyəti olmayanda isə düşünmədən hər addımı atmağa hazır olan uşaqlar bütün pis vərdişlərdən ikiəlli yapışırlar.
Hazırkı cəmiyyət əyləncəli, yenilik dolu olduğu qədər də təhlükələrlə doludur. Səhəri kompüter qarşısında açan, yaxud gecə hamı yatandan sonra “əyləncəsindən”, “dostlarından” ayrılıb gələn şəxs normal valideyn ola bilərmi? Ailəyə vaxt ayrılmazsa, təbii ki, onun hansı problemləri olduğunu anlamaq çətin olacaq. Ata-anadan qayğı görməyən uşaq təsəllini qeyri mühitdə, ziyanlı vərdişlərdə axtarmağa başlayar. Bu mühit isə onu getdikcə uçuruma aparar.
Ailəni əhatə edən mühit qeyri-normal, problemli olarsa, bu, çox pis fəsadlarla nəticələnər. Bir ailədə ki böyük-kiçik yeri bilinmir, bir süfrə arxasında əyləşmək, toplaşmaq anlayışı təbliğ olunmur, bir sözlə, ağız deyəni qulaq eşitmirsə, belə mühiti görən ailənin kiçik fərdlərini qeyri-normal, etik davranış qaydalarına zidd hərəkətlərinə görə tənbeh etməyə, onlara irad tutmağa haqqımız varmı?
Hər şey ailədən başlayır. Uşaq ailədə nə görür, nə eşidirsə, onu özünə etalon, stimul mənbəyinə çevirir. Ailə üzvləri arasında ünsiyyət mədəniyyəti olarsa, problemlər qarşılıqlı söhbətlə həll olunarsa, ailə dəyərlərinə xələl gəlməz.
Gənc ailənin birinci problemi ünsiyyət problemidir. Müasir dövr öz texnoloji yenilikləri ilə o qədər başımızı qarışdırmışdır ki, birini qavrayıb qurtarmamış o biri yaranır. Vaxt haradan gəlib gedir, anlamırıq. Həyat yoldaşına vaxt ayrılmazsa, ailənin bütün yükü onun üstünə yıxılıb qaçılarsa, həyat yoldaşı artıq öz yoldaşlıq vəzifəsini müəyyən “borc” xatirinə, övladlarının xatirinə, el qınağına tuş gəlməmək üçün yerinə yetirərsə, nəticədə, sevgisiz, söz-söhbət dolu ailə formalaşar. Nifrət hissi ailənin təməlində yerləşən, bünövrəsini qoyan məhəbbət hissini kortaldar.
Keçək ailənin digər üzvlərinə – uşaqlara. Boşanma yalnız böyüklər üçün problemlərin başlanğıcı demək deyil. Unutmayaq ki, boşanma hadisəsi ən çox kiçik fərdlərin psixologiyasında silinməz izlər qoyur. Onların həyatlarının bundan sonrakı hissəsinin bir tərəfini daim yarımçıq, qaranlıq, arzuedilməz edir.
Öz funksiyalarını yerinə yetirməyən, valideynlik borclarından bixəbər valideyn uşağına heç bir yaxşı vərdişi aşılaya bilməz. Nəticədə isə psixi problemli, valideyn və cəmiyyət üçün yararsız, utanc mənbəyi olan gələcək nəsil formalaşar.
Bir anlıq düşünək: bu gün bizi ailədən uzaq salan, övladlarımıza yadlaşdıran, qeyri-normal mühit, kimin nə məqsəd üçün yaratdığını bilmədiyimiz, gəldi-gedər sosial şəbəkə saytları, lakin həyatımızın ayrılmaz tərkib hissəsinə çevirdiyimiz “sevimli” məşğuliyyətlər dəyərlidir, yoxsa ailəmiz? Texnologiyanın saymaqla bitməyən faydaları hamı üçün məlumdur. Lakin ondan elə istifadə etmək lazımdır ki, ailə münasibətlərimiz pozulmasın.
Bu problemlər üçün yalnız texnologiyanı günahlandırmaq da doğru deyil. Ən əvvəl insan öz həyatında kimin və nəyin nə dərəcədə dəyərli olduğunu dərk etməlidir. Birinci planda onun üçün kimin və nəyin olduğunu aydınlaşdırmalıdır. Yəni texnologiya, əyləncə, dostlar – bütün bunlar və bu kimi faktorların hamısı bəhanələrdir. İnsanın ailəsinə bağlılığı olsa, heç bir qüvvə onu ailəsindən soyuda bilməz.
Ailə həyatında müxtəlif dövrlər var ki, o dövr böhranlı dövrlər adlanır. Heç bir ailə deyə bilməz ki, bu dövrlərdən heç olmazsa birini belə yaşamayıb; bu, yalan olar. Lakin çalışmaq lazımdır ki, həmin böhran ailə münasibətlərinin bədbəxtliyi üzərində qələbə çalmasın.
Məsələn, ilk bir il – əlbəttə, bu dövrdə mübahisələr ola bilər. Bu, normal haldır. Axı bir-birindən tamam fərqlənən iki gənc öz həyatlarını birləşdirir. Eyni evdə yaşamaq, eyni əşyaları bölüşmək, öz azadlığından qurban vermək, fikrində dəyişiklik etmək və sair kimi məqamlar ortaya çıxır. Bu zaman hər iki tərəf güzəştə getməyi bacarmalı, biri od olanda biri də su olmalıdır.
İkinci böhranlı dövr ailə tərkibinin artması, məhəbbət meyvəsinin yetişməsidir. Bəli, övlad ata-ananı bir-birinə möhkəm tellərlə bağlayan varlıqdır: ailəyə fərqlilik, sevinc, xoşbəxtlik gətirir. Ailəni öz monotonluğundan uzaqlaşdırır. Bu, yaxşı cəhətlərdir. Böhranlı cəhət isə ailənin böyüməsidir. Maddi baxımdan gərginlik, sıxıntılar, xəstə vaxtında yuxusuz gecələr başlayır. Bu isə ailə münasibətlərində istər atada, istərsə də anada ruh düşkünlüyü yaradır. Ata yorğun keçən iş mühitindən səs-küylü evə gəlir. Sabahkı iş qayğılarına yuxusuz açılmış səhərlə başlayır. Ananın isə körpənin qayğıları, məişət işləri, yuxusuzluq əsəblərini tarıma çəkir. Burada isə hər iki tərəf bir-birinin ruhi vəziyyətini, qayğılarını anlamağa cəhd etməli, bu çətin məqamdan birlikdə çıxmağı bacarmalıdır.
Növbəti böhran dövrü minbir əzab-əziyyətlə böyüdülən övladların evi tərk etməsi, ailə qurması, ata-ananın monoton, təkçalarlı həyata geri dönməsi ilə başlayır. İşi, ailəsi səbəbindən valideynlərinə baş çəkməyi təxirə salan övladların etinasızlığı da ata-anaya bir dərd olur. İstər oğul, istərsə də qız olsun, onları ərsəyə gətirən valideynlərin ziyarətini təxirə salmamalıdır; çəkilən əziyyətləri yerə vurmamalıdır.

Ailənin çətinlikləri nə qədər çox olsa da, insana bəzən dözülməz əzab qapıları açsa da, ailə daim xoşbəxtlik, birlik rəmzi kimi qəbul edilərək ondan güc alınmalı və bu əzab qapıları əzmlə keçilməlidir. Həyat tənha çəkilməz. Bunun üçün ailənin qədrini bilmək, onun birliyi üçün daim çalışmaq lazımdır.

Bahar VƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı