Xaşa qiymətli yem bitkisi, zəngin baltutar nektar mənbəyidir. Paxlalılar fəsiləsindəndir. Ata-babadan “xəşə”, “gürungə”, “qoringə” adlandırılıb. Əsasən, dağ yamaclarında, yəni dəniz səviyyəsindən olduqca yüksəkdə əkilib bol məhsul verən bitkidir. Xaşa yeganə bitkidir ki, onun mal-qara axurunda qırcını qalmır. Yemin tərkibi proteinlə, zülal, mineral maddələrlə zəngin olduğu kimi, şirinliyə də meyillidir. Bundan başqa, xaşa bitkisi arıçılıqda mühüm yem bazasıdır.

1960-cı illərdən traktor və kombayn texnikası intişar tapdığı üçün dağ yamaclarında öküz, at, qatır qüvvəsilə əkin-biçin və daşıma tədricən ləğv olundu. Sonra, əsasən, suvarılan və nisbətən şərti suvarılan torpaqlarda dənli bitkilər əkildi. Ancaq dağ yamaclarının təbii biçənək kimi istifadəsinə ta qədimdən ata-babalarımız bir əncam çəkiblər. Belə yerlərdə xaşa bitkisi əkini aparılaraq xüsusən arıçılıq kimi gəlirli bir sahəni daim inkişaf etdiriblər. 1968-ci ildə ali məktəbi təzəcə bitirib təyinatla Şahbuz rayonuna göndərilmişdim. Onda rayon üzrə ildə olduqca az – cəmi 8-10 hektar xaşa əkini aparılırdı. Məni o vaxt briqadirlə birlikdə  400 kiloqram xaşa toxumu almaq üçün başqa ölkəyə göndərdilər. Alıb gətirdik. Amma bir söz bizə bərk toxundu. Orada dedilər ki, bu xaşa “Naxçıvan xaşası” sortunun toxumudur, vaxtilə Naxçıvandan gətirmişik, kökünün kəsilməsinə imkan vermirik. Niyə özünüz əkib-becərmirsiniz?
Gənclik enerjisi məni bu işə sövq etdi. Hər il toxumçuluğa diqqət yetirə-yetirə rayonumuzun təsərrüfatlarında 100 hektardan çox traktorun işləyə biləcəyi yamaclarda xaşa əkini keçirdik.
1982-ci ildə artıq Şahbuz rayonunda xaşa əkini sahəsini 2100 hektara çatdırdıq. İldə 400 tondan çox super-elit xaşa toxumu, min tonlarla xaşa otu tədarük etdik. Keçili və Külüs ərazilərini intensiv xaşa əkininə ixtisaslaşdırdıq. Digər xaşa sortlarından fərqli olaraq, “Naxçıvan xaşası” sortunu xüsusən arıçılıqda çox əhəmiyyətli olmasına görə əldə etmək üçün Baltikyanı ölkələrdən, Moldovadan, Rusiyanın Rostov, Krasnodar vilayətlərindən, habelə respublikamızın Quba, Şabran, Əsgəran, yaxınlıqdan isə Ordubad, Babək rayonlarından Şahbuza xaşa toxumu almağa gələnlər oldu.
Fakt: 1980-ci illərdə pambığın 1 kiloqramının qiyməti 30 qəpik, üzüm 50-60 qəpik, tütün 1 rubl 60 qəpik, tərəvəz 20-30 qəpik olduğu halda, xaşa toxumunun 1 kiloqramı 20 rubla alınırdı. Şahbuz dağlarında xaşa əkinləri sahəsi 2000 hektarı keçdiyindən Şahbuz balı Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) tanınırdı. Xaricdən toxum almağa gələnlər onu arıçılıq təsərrüfatları ərazisində əkin üçün istifadə edirdilər. Mixail Qorbaçovun Azərbaycan üzümçülüyünə çaldığı balta əkinçilik mədəniyyətindən də yan keçmədi, muxtar respublikada şənbəllə və xaşaçılığın ləğvi ilə nəticələndi.
Hazırda öz müstəqil təsərrüfat quruculuğunu yaşayan muxtar respublikamızda şənbəllənin bərpasına başlanmışdır. Bəs qiymətli xaşa bitkisinin necə?
Bu sualla Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əsgər Həsənova müraciət etdik:
– Əsgər müəllim, sizcə, muxtar respublikamızın heyvandarlıq, xüsusən arıçılıq təsərrüfatları üçün olduqca əhəmiyyətli olan şənbəllə və xaşa əkinlərini bərpa etmək olarmı?
– Əlbəttə, olar. Ötən təsərrüfat ilində nazirliyin xətti ilə qonşu İran İslam Respublikasından şənbəllə toxumu alaraq 10 hektar sahəyə əkməklə yaxşı nəticə əldə etdik.
Əslində, şənbəllə də, xaşa da Arazın o taylı-bu taylı torpaq-iqlim şəraitinə xeyli uyğundur və becərmədə çətinlik yaranmır. Muxtar respublikada bu diyarın əkinçilik mədəniyyətini özünə qaytarmaq sahəsində yaradılan hər cür şərait xaşaçılığı da bərpa etməyə imkan verir.
– Çox adam xaşa bitkisi haqqında lazımi məlumata malik deyil. Bu barədə məlumat verməyinizi xahiş edirəm.
– Xaşanın kök sistemi yonca ilə müqayisədə bir qədər zəifdir, ancaq quraqlığa davamlıdır. Gərək ən azı 20-25 santimetr dərinliyində şum aparıla. Xaşanın azot gübrəsinə yoncada olduğu kimi, heç bir ehtiyacı yoxdur.
Şumaltına üzvi gübrə və hektara fiziki çəkidə 200-250 kiloqram fosforlu gübrə verilərsə, xaşa bitkisinin toxumu bol, saf və iri olar.
Əsgər müəllim, bir məsələyə diqqəti yönəldək. Uzun illər əldə etdiyim təcrübəyə əsasən deyim  ki, istər respublika, istərsə də o vaxtın Ümum­ittifaq Kənd Təsərrüfatı Nazirliyinin normativlərində xüsusən xaşa bitkisinin hər hektara 80 kiloqram səpin norması tamamilə yanlış üsul idi. Çünki belə şəraitdə dəmyə torpaqlara yaz-yay dövrü yağıntı az düşdüyündən isti iqlimdə belə, az norma ilə dəngil-düngül bitən xaşa əkinləri çox seyrək olurdu, ot çıxarı az, toxumu isə cılız olmaqla tələbata cavab vermirdi. Odur ki, xaşa sahələrini təbii biçənəyə çevirirdilər. Bir gün yaşlı nəslin nümayəndəsi Məşədi İsa baba məndən soruşdu ki, mal dili yalama üsulu ilə xaşa əkini haqqında nə bilirsən? Düzü, cavab verə bilmədim. Dedi, bir hektara 2 kisə xaşa toxumu səpmək yanlış fikirdir. Dədə-babadan çox adamın fərdi əkin sahəsi olardı. Xaşa toxumu hazır şuma elə qalın səpilərdi ki, mal dili ilə şumdan toxumu yığa bilirdi. Bu da ən azı hektara 400-450 kiloqram toxum səpini deməkdir. Yuxarı nazirliklərin normativi isə 80 kiloqram idi. Hələ onda regionumuzda xaşaçılığa təzə başlamışdıq. Bir dəfə normadankənar 2 hektar sahəyə  400 kiloqram hesabı ilə, özü də payızın sonlarında xaşa toxumu səpdik. Qış bərk gəldi. Güclü qar düşdü. Erkən yazda heyrət bizi bürüdü. Xaşa cücərtiləri qar altında sıx cücərmişdi.
Belə sıx əkinlər yaz yağışlarından elə inkişaf götürdü ki, bitkilərin kölgəsi torpaqda nəmliyi yayda da saxladı. O biri xaşa sahələri üçüncü, dördüncü ili toxuma biçildiyi halda, payızda səpilən sıx xaşa əkini həmin ildə toxuma biçilərkən xaşa bitkisi düz kombaynçının oturduğu qurğuya qədər, atın yəhəri qaşına boy verərək inkişaf etmişdi. O biri toxumluqlar hektardan 10-12 sentner məhsul verdiyi halda, bu üsulla hektardan 25 sentnerədək toxum tutuldu. Biz bu təcrübəni davam etdirdik. “VİM” markalı toxumtəmizləyənlə saf xaşa toxumu əldə edərək 90-100 ton toxum tutan Keçili, Külüs təsərrüfatlarında xırman qalığı kimi azı 20-30 ton “çət” qalığı olurdu. Əslində, bunlar da toxum idi. Biz səpin zamanı həmin çəti də şuma əlavə edirdik. Beləliklə, toxumluq sahələrdən 5 qat artıq toxum və ot kütləsi əldə edərək rayon üzrə xaşa toxumu istehsalını 400 tona çatdıra bildik. Bu rəqəm o dövrdə  respublika üzrə rekord göstərici olduğundan ittifaq əyalətlərindən Şahbuzkənddə, Gömürdə, Ağbulaqda, Nursuda, Qızıl Qışlaqda, Güney Qışlaqda, Badamlıda, Ayrıncda və digər kənd­lərin hər birində ən azı 80-20 ton miqdarında hər il tutulan saf xaşa toxumu iqtisadi cəhətdən gəlirli sahəyə çevrilmişdi. Xaşa sahələrinə arılar elə dolurdu ki, sahələrə girmək mümkün olmurdu. Bax xaşaçılıqda toxum normasına 5 qat artıq səpin belə nəticələr verdi.
– Əsgər müəllim, onda kolxoz-sovxoz təsərrüfatlarında çox işlər candərdi  görülürdü. Məsələn, bu gün şuma səpilən xaşa əkinlərinə tapan edib mala çəkmək bəzən səpindən sonra 3-4 gün yubadılardı. Traktor, mala, yük maşını çatışmazlığı bəhanə gətirilərdi. Sizcə, bu, əkinin sonrakı vəziyyətinə necə təsir edə bilərdi?
– Əlbəttə, məsuliyyətsiz işlərin nəticəsi olmur. O cür üsul toxumun Günəş şüası ilə qurumasına, nəmliyin çəkilməsinə təsir etdiyi kimi, olub-qalan az toxumu da çöl quşları yığıb qidalanırdı. Beləliklə, bu cür cücərdilən xaşa sahələrində cücərti olduqca seyrək olurdu.
– Açığını deyək ki, indi ərazilərimizdə əsaslı heç bir xaşa əkini sahəsi yoxdur. Elə Şahbuzun özündə də. Keçilidə, Ayrıncda, Külüsdə, Nursuda təkəmseyrək yerlərdə 50-60 kvadratmetrədək xaşa sahələrinə təsadüf etmək olar. Sizcə, bu kiçik sahələrdən az da olsa, toxum tutub qədim “Naxçıvan xaşası” sortunu bərpa etmək olarmı? Bu yolla heyvandarlıqda, arıçılıqda yem bazasının zənginləşdirilməsinə nail olmaq olarmı?
– Mümkündür, gərək onda əllə sivrilib yığılan xaşa toxumunun hər kiloqramına maraqlandırıcı qiymət qoyula. Az-çox 15-20 kiloqram toxum əldə edilərsə, bir nəfərin nəzarətdə saxlanılan torpaq payında tədricən artırıb 2-3 ildə bunun hektarlıq bərpasına nail olmaq olar. Necə deyərlər, zəhmətlə kilo-kilo yığılan toxumları tona çevirə bilərik. Qaşdar müəllim, bir halda, ulu torpağımızın qədim, baltutar bitkisinə belə marağınız var, onda torpaq payınızda bu işə ilk addım atsanız, biz də nazirliyin əməkdaşları kimi sizə hər cür kömək göstərə bilərik.  
– Əsgər müəllim, müsahibə üçün çox sağ olun. Bu yaz fəslində bu işə birgə başlasaq, fikrimizcə, qiymətli “Naxçıvan xaşası” sortunu bərpa edə bilərik.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq