Uşaqlar üçün körpəlikdən beyinlərinə həkk olunan mənzərələr, yaddaşlarında qalan sözlər çoх önəmlidir. Uşağa nələri təbliğ etsən, o da əvəzində bunu qaytaracaq: necə ki deyiblər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.  
İnsanoğlunun  gələcək həyatının təməli körpəlikdən qoyulur. Bu təməl nə qədər möhkəm, nə qədər etibarlı olarsa, övladlarımız psixoloji cəhətdən nə qədər sağlam böyüdülsələr, onların gələcəyi cəmiyyətimiz üçün o qədər bəhrəli olar. Bu isə güclü tərbiyə ilə mümkündür. Dünya inkişaf edir: texnologiya, əyləncə, təlim, təhsillə birlikdə, düşüncə tərzimiz də sürətlə dəyişir, inkişaf edir. İnkişafa xidmət edən, sosiallığı inkişaf etdirən ünsürlərdən biri də televiziyadır. Bu gün müхtəlif telekanalları izləmək imkanımız var. Təəssüflər olsun ki, bu imkandan çox vaxt bəzi böyüklər də düzgün istifadə etmir.

Məsələn, bəzi valideynlər var ki, günün yarısını serial izləməyə həsr edirlər; bu serialları uşaqlar da izləyir və təsir altına düşürlər. Valideynlərinin hiss-həyəcanlarını müşahidə edən uşaqlar hətta bunu öz həyatlarında tətbiq də etməyə başlayırlar. Belə olduqda əsəblər sarsılır, gərginlik yaşanır. Uşaqlar film seyr edə bilərlər, lakin bu filmlər  mütləq uşaqlar üçün çəkilən filmlər olmalıdır. Belə filmlər yaşa uyğun tərzdə lentə alınmaqla balalarımıza mehriban davranış, хeyirхah olmaq, dostlara kömək etmək, canlıları incitməmək, heyvanlara sevgi kimi yüksək insani duyğular aşılayır, onlara dərsləri yaхşı oхumaq, çoхlu çalışmaq tərbiyə edir, ən əsası isə bütün bunların sonunda uğurun necə əldə olunduğunu və daha bir çoх vacib məsələləri göstərir.
Uşaqların düşüncə şəklini formalaşdıran ən ümdə ünsür cizgi filmləridir. Cizgi filmləri uşağın fikir dünyasına nüfuz etmək baxımından ən önəmli vasitədir. Nağılların unudulmağa üz tutduğu, kitab oxumaq vərdişinin getdikcə azaldığı, insan əlaqələrinin zəiflədiyi bir dövrdə uşaqlarımız bir çox şeyi gündə ən azı 2-3 saatlarını sərf etdikləri televiziyadan öyrənirlər. Uşağın üç yaşında zəngin bir xəyal gücünə sahib olduğunu, dörd yaşında isə davamlı ətrafını tanıma səyində olduğunu nəzərə alaraq, qeyd edə bilərik ki, bu dövrlərdə uşaqlar özlərinə prototip olaraq seçdikləri televiziyadakı cizgi film qəhrəmanlarını gündəlik həyatlarına və oyunlarına tətbiq etməyə başlayırlar. Son zamanların ən populyar cizgi filmlərindən olan “Kayu”, “Pepe”, “Leliko”, “Maşa və ayı” cizgi filmlərinə nəzər salaq. Bu cizgi filmləri dünya səviyyəsində məşhur olsalar da, hərəsi öz ölkəsinin milli dəyərlərini əks etdirir. “Leliko” və “Pepe” cizgi filmlərində yer alan halaylar (yallılar), türk xalq musiqisi bizim uşaqların çoxuna tanışdır. Bizim milli musiqimiz haqqında isə uşaqlar o qədər məlumatlı deyillər. Nəinki uşaqlar, bəzi valideynlər belə, bizim cizgi filmlərimizdən xəbərsizdirlər. 2008-ci ilin sen­t­yabrında Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan cizgi filmləri toplusunu hazırlayıb. Azərbaycan animasiyasının 75 illiyi münasibətilə işıq üzü görən DVD disklərinə müxtəlif illərdə çəkilmiş və Azərbaycan dilində bərpa olunmuş 9 film daxildir. Bundan başqa, müxtəlif internet saytlarında yerləşdirilən və milli dəyərlərimizi nümayiş etdirən Azərbaycan cizgi filmləri – “Cavanşir”, “Çətin məsələ”, “Humayın yuxusu”, “Kitabi-Dədə Qorqud”, “Basat və Təpəgöz”, “Şah və xidmətçi”, “Tık-tık xanım”, “Balaca çoban” və sair kimi cizgi filmlərini övladlarımıza seyr etdirə bilərik.
Milli dəyərlərimizi nümayiş etdirən digər vasitələr nağıllar, hekayələr, qaravəllilər və lətifələrdir. Bunlar xalqımızın zəngin yaradıcılığının bir qismidir. Bu gözəl sənət nümunələrində Azərbaycanın tarixi, ictimai əlaqələri, xalqımızın arzu və diləkləri ilə birlikdə etiqadı, milli dəyərlərimiz yer almışdır. Xalqın fantaziyasının rəngbərəng istiqamətlərini özündə əks etdirən nağıllar körpələrimizin düşüncəsinin inkişafında böyük rola malikdir. Nağıllarımızın mövzu rəngarəngliyi imkan verir ki, hər körpənin zövqünə uyğun nağıl seçək.
Azərbaycan nağıllarını www.nagillar.com kimi internet saytlarından istifadə etməklə səsli şəkildə uşaqlarımıza dinlədə bilərik. Mənəvi sərvətlərimizdən biri olan Azərbaycan xalq nağılları körpə balalarımızı milli dəyərlərimizlə tanış etmək baxımından əhəmiyyətlidir.
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi sağlam və güclü etməksə öz əlimizdədir.

Nərgiz İSMAYILOVA