Muxtar respublikamızda təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.      
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əməyin mühafizəsi ilə əlaqədar tədbirlərin keçirilməsinə başlanılıb.
21 fevral 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının təşkil olunması barədə verilən tapşırıqların icrası məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik səviyyəsinin artırılmasına dair kursa başlanılıb.

Aprelin 21-dən keçirilən bilik­artırma kursuna “Gəmiqaya Mineral Sular”, “Bərəkət Qida Məhsulları”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Kərpic Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Naxçıvan Sement Zavodu”, “Cahan Sənaye Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi”,  “Dizayn Mebel İstehsalı”, “Ləzzət Qida Sənaye”, “Şərab-2 Yeddilər ASK”, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və “Hilal” Ət və Süd Məhsulları İstehsalı Müəssisəsinin əməyin mühafizəsi üzrə 15 mütəxəssisi cəlb edilib.
7 gün davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən istehsalat və sənaye sahələrində işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmələrini təmin etmək, texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarəti gücləndirmək və sair mövzular tədris olunacaq. Həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Prokurorluğunun və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən kursda müvafiq olaraq istehsal sahələrində texniki təhlükəsizlik qaydaları haqqında, əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin gö­rülməməsi­nə görə məsuliyyət, sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər haqda məlumatlar veriləcək, iştirakçılara əməyin mühafizəsinə dair bukletlər təqdim ediləcək.
Yekunda kurs iştirakçılarının  bilikləri yoxlanılacaq.
28 Aprеl – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə istehsalat xüsusiyyətləri nəzərə alınmaqla müəssisələrdə əməyin mühafizəsi, norma və qaydaları üzrə biliklərin, peşəkarlığın artırılması məqsədilə  seminarların keçirilməsinə də başlanılıb. Belə ki, aprelin 22-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində “Bədbəxt hadisələrin qarşısını birlikdə alaq” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı məruzələrlə çıxış ediblər. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və seminar iştirakçılarına əməyin mühafizəsinə dair bukletlər təqdim edilib.
Seminarlar davam etdirilir.
Məlumat üçün qeyd edək ki, əməyin mühafizəsi sahəsinə dair 4 mövzuda videoçarx hazırlanaraq Naxçıvan Dövlət Televiziyasında nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti