Bu sərvəti göz bəbəyi kimi qoruyub gələcək nəsillərə əmanət  qoymaq bizim müqəddəs vəzifəmizdir

...Ömrü-günü açıq havada, alaçıqda keçən, beli bükülüb illərin izlərini nurlu çöhrələrindəki qırışlarda yaşadan ağbirçəklərimiz, ağsaqqallarımız əlləri iş tutandan torpaqla sirdaş olublar. Alın tərini torpağa qarışdıran, əllərinin qabarı ilə torpağı əzizləyənlər onun verdikləri ilə dövran sürüblər. Nə gecə biliblər, nə gündüz. Sağlamlığın da, uzun­ömürlülüyün də əlacını işdə, zəhmətdə, torpaqla ünsiyyətdə görüblər. “İş insanın cövhəridir” deyənlər də elə əliqabarlı babalarımız olublar. Onlar çöldə işləyib yorulanda bir ağacın dibində oturub, bir qurtum su içib, bir dürmək çörək yeməklə canlarındakı yorğunluğu çıxarıblar. Günün günorta vədəsində isə bir çimir yuxudan sonra yenidən torpaqla çək-çevirə başlayıblar ta Günəş dönüb anasının qoynuna girənə kimi. Sağlığı da, saflığı da, uzun ömrü də beləcə qazanıblar.

Naxçıvanda elə hər bir sahədə qədim adət-ənənələrə, milli dəyərlərə, tarixi köklərə bağlılıqla həyata keçirilən işlər təbiətə münasibətdə, torpağa sahiblikdə də öz əksini tapır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən meyvəçiliyin, tərəvəzçiliyin inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının yaradılması məqsədilə müxtəlif vaxtlarda təsdiq edilən dövlət pro­qramlarının icrası məqsədilə qarşıya qoyulan vəzifələrin məqsədyönlü şəkildə həyata keçirilməsi bir daha onu göstərir ki, kəndlinin əsas iş yeri torpaqdır. Torpaq isə əkiləndə əzizlənir. Dədə-babalarımızın alın təri, böyük zəhmətlə əkib yadigar qoyduqları dar günümüzdə – blokadanın ilk illərində köməyimizə gəldi, ümid, pənah yerimiz oldu. Biz də əkməliyik ki, təbiətə aldıqlarımızın əvəzini qaytara bilək. Axı dünya bizimlə bitmir. Bu gün bizim olan sabah övladımızındır.
Təbiətimizin əsasını təşkil edən və oksigen mənbəyi olan yaşıllıqların qorunması, artırılması cəmiyyət qarşısında duran ən vacib məsələlərdəndir. Çünki bu səxavətli, əliaçıq təbiət yaşayış üçün insana hər şey verir. Çəkilən yol da, salınan körpü də, adicə kiçik bir arx da, tikilən nəhəng zavodlar, binalar da, hətta balaca bir daxma da təbiətin bir parçası olan torpaqdan istifadə nəticəsində ərsəyə gəlir. Buna görə də torpaq adlı nemətin, kainatın əsası olanın yetirdiyi, bitirdiyi bütün nemətlərin qədrini bilməliyik ki, yüksək məhsul bolluğu yarada bilək; həmçinin qorxusuz, həyəcansız bir dünyada yaşayaq.
İnsan yaranışından təbiətlə bağlı olub. O, əkib-becərib, təbiət də doyurub, dolandırıb. Ona görə də gələcəyimiz naminə bu ünsiyyəti, ən azından, babalarımız kimi saxlamağa borcluyuq.
Qafqazın zəngin təbii muzeyi sayılan Azərbaycanımız misilsiz təbii gözəlliklər diyarıdır. Çünki il boyu zirvəsi qarla örtülü olan dağlar, könülaçan sərin yaylaqlar, zəngin və nadir landşafta malik ovalıqlar, çaylar, çeşmələr, bulaqlar, canlı və cansız təbiət inciləri qərinələrdir ki, Azərbaycanı dünyada tanıdır. Belə bir gözəllik məskəni olan yurdumuza insan əli ilə yeni gözəllik naxışlarının da vurulması yurd yerlərimizdə təkrarolunmaz və heyrətamiz mənzərələr yaradıb. Əgər Azərbaycanın ən uca zirvəsindən durub Şərqin qapısı olan Naxçıvana və onun ətrafına nəzər salsaq, qeyri-adi bir mənzərəni – yaşıl dünya və al-əlvan rəngli güllər çələngi görərik. Bu görüntü içərisində muxtar respublikamızın hər bir rayonu bir ayrı mənzərə ilə könül açar. Onun yeddi şaxəsi kimi müxtəlif istiqamətlərdə yerləşən rayonlarında sanki bu gözəlliklər tamamlanır. Belə gözəlliklər diyarı olan Şahbuzda da yol boyunca sağ və sol tərəflərdə cərgələnmiş ağaclar, salınan gülkarlıqlar, dağ döşündə, yastanlarda əkilən körpə fidanlar təbiətə göstərilən insan qayğısından xəbər verir. Bu qayğını əsirgəməyən şahbuzlular əkilən tinglərin, salınan bağların və yaradılan yaşıllıq zolaqlarının məhv olmaması üçün hər həftə iməciliklər yolu ilə aqrotexniki tədbirlər həyata keçirirlər.
Bütün fəsillərdə – yazda, yayda, payızda və qışda zəhmətlərini torpaqdan və yaradılan gözəllikdən, Tanrı vergisi olan təbiətimizdən, rayonun abadlığından əsirgəməyən şahbuzlular övladlarının gələcəyi və sağlamlığı üçün görülən işlərə kömək edirlər. İməciliklər zamanı Şahbuz rayonunun sakinləri yaşıllıq sahələrini daha da genişləndirməyə, meşə sahələrindəki seyrəklikləri aradan qaldırmağa, körpə fidanların əkilməsinə, gül kollarının çoxaldılmasına çalışırlar. Elə bunun nəticəsidir ki, ötən il rayonda 65 hektar qoruyucu meşə zolağı, 159,5 hektar meyvə bağları salınmış, 2 hektar sahədə yaşıllıqların bərpası işləri aparılmışdır. 2014-cü ildə isə rayon ərazisində 12,2 hektar yeni bağ salınması nəzərdə tutulmuşdur. Bundan başqa, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun yenidən qurulması və yol infrastrukturunun dəyişdirilməsi səbəbindən Heydər Əliyev Su Anbarının ətrafından başlayaraq Biçənək kəndi ərazisinədək olan yolun kənarlarında yaşıllaşdırma tədbirləri aparılmış və əraziyə iyirmi mindən artıq meyvə tingləri əkilmişdir. Əsasən, şənbə iməcilikləri zamanı həyata keçirilən bu tədbirlər sayəsində rayon ərazisində yaşıllıq zolaqlarının ərazisi get-gedə çoxalır. Demək olar ki,  şənbə günləri iməciliyə çıxan rayon əhalisi Şahbuz şəhərindəki yaşıllıq zolaqlarından tutmuş massivlərdə, bağlarda, yol kənarlarında və kəndlərdəki müxtəlif ərazilərdə əkilən ağaclara, salınan bağlara, yaradılan gülkarlıqlara qulluq edir, mövsümlə əlaqədar olaraq onları suvarır, becərmə işləri aparır. Rayon kəndlərinin hər birində bu işlər ardıcıl şəkildə il boyu davam etdirilir.
Ekologiyanın qorunması, yaşıllıqların artırılması, iməci­liklər vasitəsilə həyata keçirilən bütün işlər və ümumilikdə, bu sahədə görülən tədbirlər yurd yerlərimizi daha da cazibədar edir, buraya gələn qonaqların sayını artırır. Şahbuzlular isə gördükləri işlə fəxr edir, qürur duyurlar.  Çünki yaşadıqları yurd yerinin təbii gözəllikləri ilə yanaşı, insan əlinin yaratdıqları gözəlliklər də bu yerlərin şöhrətini artırmışdır.
Məlum həqiqətdir ki, planetimizdə insanların sayı sürətlə artır. Texnika günü-gündən inkişaf edir. Bunun nəticəsində bəşəriyyət öz inkişafının yüksək mərhələsinə qədəm qoyur. Və elə bu inkişaf nəticəsində insan təbiətə təsir edə bilir. Əlində mükəmməl texniki vasitələr cəmləşdirməklə təbiətdən daha çox mənfəət götürməyə çalışan insan bu mənfəətin əvəzində təbiətə nə isə vermirsə, onu qorumursa, təbiətin tarazlığını pozursa, onda həmin inkişaf onun zərərinə dəyişir. Bəlkə də, bunu xırdalıqlarına qədər diqqətdən qaçıran Adəm övladı hər addımbaşı təbiətin “qisası” ilə üz-üzə gəlir. Ona görə də təbiətə övladımız kimi qayğı göstərməliyik ki, ekoloji tarazlıq pozulmasın. Bunun isə bircə yolu var: təbii sərvətlərin mühafizəsini təşkil etmək, onlardan səmərəli istifadəyə səy göstərmək və təbiətə aldıqlarımızın əvəzini qaytarmaq – onun qayğısına qalmaq.

İnsan təbiətə nə verə bilər? Bu sualın bircə cavabı var:  çevrəsində olduğumuz bitki və heyvanat aləmini qorumaq, fauna və floranı yaşatmaq, yaşıllıq sahələrini artırmaq. Bu gün muxtar respublikamızda ulu öndər Heydər Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələr hər bir vətəndaş tərəfindən həvəslə, istəklə yerinə yetirilir. Görülən işlər isə göz önündədir.

Şəhla NƏBİYEVA