Babək rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq rayonda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, təşkil edilən əmək yarmarkalarının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il keçirilən əmək yarmarkalarıdır. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən genişmiqyaslı təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgöturənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Bildirilib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın muxtar respublikada, eləcə də Babək rayonunda uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının təkmilləşdirilməsinə, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşmasına, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılmasına səbəb olub.
İşaxtaran vətəndaş Rəşad İsmayılov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, belə tədbirlər işaxtaran əhalinin, xüsusilə də gənclərin müvafiq işlə təmin olunmasında mühüm rol oynayır.
15 təşkilatdan 108 boş iş yerinin çıxarıldığı yarmarkada 34 nəfərə işə göndəriş verilib.  

Xəbərlər şöbəsi