Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Şahbuz rayonunda keçirilən əmək yarmarkasına 11 təşkilatdan 137 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənc­lərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarının təşkil olunmasıdır. Bu yarmarkalar vasitəsilə işaxtaranlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
İşaxtaran vətəndaş Röya Hüseynova  belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
38  nəfərə işə göndərişin verildiyi yarmarkada Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəqani Həsənov çıxış edərək  rayonda  əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.   
Qeyd edək ki, bu qəbildən olan növbəti yarmarka bu gün Culfa  rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi