Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə edilməsi, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədilə ölkə Prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyada qarşıya qoyulmuş əsas vəzifələrdən biri islahatların aparılması üçün qanunvericilik bazasının yaradılmasıdır. Bu tədbirlərin həyata keçirilməsi məqsədilə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Bu qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun hüquqi əsaslarını və prinsiplərini müəyyən edir.

Fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün hər bir sığorta­olunan haqqında məlumatların uço­tunun təşkili və aparılmasından ibarətdir. Fərdi uçot sisteminin əsas məqsədi dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılmasıdır. Fərdi uçotun informasiya bazası hər bir sığorta­olunanın işə başladığı və sonrakı dövrdəki əmək fəaliyyətini əks etdirir. Bu da hər bir məcburi dövlət sosial sığorta haqqı ödəyən vətəndaşın pensiya və digər sosial müdafiə hüquqlarından istifadə etməsi üçün özü haqqında olan məlumatları əldə etməsinə köməklik göstərir. 
Hazırda fərdi uçot sistemi ilə əlaqədar sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondu orqаnına hər il sığorta­olunanlara dair “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ı təqdim edirlər. Bu məlumat özündə sığortaedənin adını, məlumat növünün kodunu, sosial sığorta nömrəsini, torpaq mülkiyyətçilərində isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası və nömrəsini əks etdirir.
Həmin məlumatlar əsasında DSMF-nin yerli orqanları tərəfindən hər bir sığortaolunanın işlədiyi dövrdəki aldığı əməkhaqqı və ödədiyi sosial sığorta haqqı sığortaolunanın fərdi şəxsi hesabına işlənilir. Toplanılan məlumatlar işləyənlərin bütün fəaliyyət dövrünü əhatə etdiyi üçün işçi pensiyaya çıxarkən artıq ondan əmək kitabçası, əməkhaqqı barədə arayış tələb olunmayacaqdır. Hər bir şəxsə fərdi şəxsi hesabında olan sığorta stajı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği barədə məlumatlara əsasən pensiya təyinatı aparılacaqdır. Fərdi şəxsi hesabda olan əməkhaqqının vəziyyəti və ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği nə qədər yüksək olarsa, pensiya məbləği də bir o qədər yüksək olacaqdır.
Məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. Bu isə, ilk növbədə, təşkilatların sosial sığorta haqqı ödəməsindən yayınması hallarının qarşısının alınmasında və yığılan vəsaitin əsl ünvanına çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Buna görə də fəaliyyət növündən asılı olmayaraq, bütün işləyən vətəndaşların, o cümlədən torpaq mülkiyyətçilərinin Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında qeydiyyata durmaları və məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəmələri olduqca vacibdir. Dövlət Sosial Müdafiə Fondu bütün sığortaolunanları sığorta-pensiya sistemində aktiv iştirakçı olmağa çağırır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti