Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində əlverişli zəmin yaradıb.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 26 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 12 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 3 nəfərə miniyerşumlayan aqreqat, 1 nəfərə təmir-tikinti alətləri, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 5 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 1 nəfərini nikahı pozulan şəxs, 1 nəfərini ailə başçısını itirən şəxs, 1 nəfərini məcburi köçkün, 2 nəfərini şəhid ailəsi üzvü, 3 nəfərini isə müharibə iştirakçısı olan şəxs təşkil edib.
Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Çıxışlarda ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışılıb, əldə olunan nəticələrdən bəhs edilib. Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Babək rayonunun Hacıvar kənd sakini Rauf Məmmədov, Kültəpə kənd sakini Səfər Hüseynov həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə onlara otdoğrayan aqreqat verilib.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti