Yeni növ koronavirusun (COVID-19) mövcud olduğu müddətdə yani ştamlar meydana çıxacaq. Hər yeni ştam yarananda əhali arasında təlaş və qorxu hissi əmələ gəlir. “Omikron”dan əvvəl “delta” ştamı yarananda da əhali arasında belə narahatlıq hissi var idi. İndi də “omikron” ştamı həmin narahatlığa səbəb olub.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev deyib.

O, daha sonra deyib: “Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı ciddi qəbul etdiyi ştamları yunan əlifbasının hərfləri ilə adlandırır. “Omikron”un ciddi qəbul edilməsi onda mutasiyaların sayının çoxluğu ilə əlaqədardır, onda 32 mutasiya aşkarlanıb. Bu, COVID-19-un ilk ştamları ilə müqayisədə ciddi şəkildə fərqlənir. Həm də bu, “omikron”un xəstəlik törətmə qabiliyyətinin yüksək olduğunu göstərir. Bu, indiyədək xəstəliyin yayıldığı ölkələrdə, o cümlədən qonşu ölkələrdə də özünü göstərib. Əsas məsələ ondadır ki, “omikron”un yoloxuculuğu yüksəkdir. Lakin onun öldürücülüyü virusun digər ştamlarından fərqlənmir”.

“BioNTech/Pfizer” şirkətinin apardığı araşdırmalara əsasən məlum olub ki, “omikron” ştamına qarşı “Pfizer” peyvəndinin ciddi şəkildə qoruyuculuğu var. Ona görə də təşvişə və panikaya düşməyə əsas yoxdur. Xəstəxanada stasionar müalicə alanların sayı da ciddi şəkildə azalmağa doğru gedir. Yeni ştamdan qorunmaq üçün ən yaxşı üsullardan biri “Pfizer” peyvəndi vurdurmaqdır. İki “Sinovac” peyvəndindən sonra “Pfizer” peyvəndinin vurulması da orqanizmdə çox böyük qoruyuculuğa səbəb olur. Ona görə də peyvəndlərin vurulması prosesi davam etdirilməli, əl gigiyenası və sosial məsafə gözlənilməsi qaydalarına ciddi şəkildə əməl edilməlidir”,- deyə mütəxəssis fikrini ifadə edib.