Dövlət proqramı icra olunur

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğı yüksək səviyyədədir. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, məktəbdənkənar təhsil müəssisələrinə cəlbi, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm addımlar atılmaqdadır. Bu baxımdan Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 

 

2014-cü il oktyabrın 1-də istifadəyə verilən mərkəzdə audio və elektron kitabxanaların fəaliyyət göstərməsi, brayl əlifbası ilə çap edilmiş dərsliklərin, eləcə də digər ədəbiyyat və jurnallar sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafına şərait yaratmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” da mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Çünki proqramın təsdiq edilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılmasından ibarətdir. Proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə bu qəbildən olan uşaqların təhsilə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, onların yaşadıqları mənzillərə yüksəksürətli internet xətləri çəkilir, müvafiq texniki avadanlıqlar quraşdırılır. Bu kimi tədbirlərin həyata keçirilməsi isə, hər şeydən əvvəl, sağlamlıq imkanları məhdud uşaqların təhsilə olan maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə imkan verir. Proqramın icrası nəticəsində ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi, məktəb mühitinə uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına da şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, muxtar respublikada hərəkət qabiliyyəti məhdud uşaqlar üçün təşkil olunmuş distant tədris prosesinin gedişi ötən dövr ərzində diqqət mərkəzində saxlanılıb və tədrisə yeni cəlb edilən şagirdlər zəruri təhsil ləvazimatları və texniki avadanlıqlarla təmin olunublar. Belə ki, hərəkət qabiliyyəti məhdud 3 uşaq distant tədrisə cəlb olunub və hazırda Distant Tədris Mərkəzində 15 uşaq, Görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə isə 7 uşaq təhsilini davam etdirir. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma qabiliyyəti məhdud olan 8 uşağa distant dərslər keçilir.
Görülən bu işlərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisəsində monitorinqlər aparılır, keçirilən tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara dərsləri tədris edən müəllimlər və məktəb psixoloqlarının iştirakı təmin edilir. Dövlət proqramının icrasına uyğun olaraq müvafiq dövrdə sağlamlıq imkanları məhdud 771 uşağın təhsil aldığı 12 məktəbəqədər müəssisə, 10 məktəbdənkənar müəssisə, 71 ümumtəhsil məktəbi, 2 lisey və 18 musiqi məktəbi olmaqla, ümumilikdə, 113 müəssisədə monitorinqlər təşkil edilib. Təhsilə cəlb olunmuş şagirdlərin maddi təminatının yaxşılaşdırılması məqsədilə sosial qayğıya ehtiyacı olan uşaqlar ötən dövr ərzində qış geyimləri, məktəbli forma və ləvazimatları ilə təmin ediliblər. Bu məqsədlə 2021-ci ilin sentyabr ayında хüsusi qayğıya еhtiyаcı оlаn sаğlаmlıq imkаnlаrı məhdud 295 uşаğın hər birinə məktəbli geyim dəsti və dərs ləvаzimаtları, noyabrda isə qış geyimləri verilib.
Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilmələri istiqamətində də işlər davam etdirilib. Belə ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzindəki dərzi kursuna müvafiq kateqoriyadan 2 uşaq cəlb olunub, onlar da kursu uğurla başa vuraraq sertifikatlarla təmin ediliblər. Həmçinin ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan müvafiq kateqoriyadan olan uşaqların peşə seçiminə köməklik məqsədilə ümumtəhsil məktəbində peşəyönümlü məşğələlər də təşkil edilib.
Sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli qayğı ilə əhatə olunmasının davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzinin yaradılması və fəaliyyət Qaydası” təsdiq edilmişdir. Məlumat üçün qeyd edək ki, mərkəzdə tədris sağlamlıq imkanları məhdud uşaqların təhsil alması xüsusi dövlət təhsil standartları və proqramları əsasında həyata keçirilir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Sağlamlıq imkanları məhdud uşaqlar mərkəzə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlər əsasında rayon, şəhər psixoloji-tibbi pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar. Mərkəzə 6 yaşı tamam olan, sağlamlıq vəziyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb edilir. Qanunvericiliklə müəyyən olunmuş qaydada ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.
Bir sözlə, bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları və cəmiyyətin fəal bir üzvünə çevrilmələri üçün görülən işlər hər birimizin gözü qarşısındadır. Atılan bu məqsədyönlü addımlar isə hər birimizi sevindirir, doğma diyarımızın sakini olmaq qürurunu daha da yüksəldir.

Nuray ƏSGƏROVA