Ötən ay ərzində gənc nəslin vətənpərvər ruhda formalaşması, intellektual biliyi və dünyagörüşünün artırılması, asudə vaxtının səmərəli təşkili, muxtar respublikanın turizm imkanlarının onlar arasında tanıdılması və təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilib. 10-17 noyabr – Tələbə-Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə Şahbuz rayonuna ekskursiya, film nümayişi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, peyntbol, badminton, stolüstü tennis və minifutbol üzrə “Tələbə kuboku” uğrunda muxtar respublika birincilikləri təşkil olunub. 

 

Gənclərə Vətənə sevgi, dövlətə sədaqət ruhunun aşılanması, turizm əhəmiyyətli məkanların tanıdılması və onlarda idmana maraq yaratmaq məqsədilə könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə, ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələrinin isə Naxçıvan Atıcılıq Mərkəzinə ekskursiyası təşkil olunub. Gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması, şəxsi inkişaf və karyera imkanlarının yaradılması istiqamətində “Bayraq mənliyimdir” rəsm müsabiqəsi, Şərur rayonunda “Maliyyə məktəbi”, Naxçıvan şəhərində isə “Workshop” layihəsi (proqramlaşdırma) çərçivəsində təlimlər keçirilib. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşması məqsədilə gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrindən birində zabit və əsgərlərlə görüşüb, onların xidməti şəraiti, həmçinin hərbi silah və texnikalarla tanış olublar.
Ölkə tarixində müstəsna xidmətləri olan şəxslərin, ərazi bütövlüyümüz uğrunda şücaət göstərən döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur!” adlı videoçarxların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi prosesi davam etdirilib.
Hesabat dövrü ərzində bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə kütləviliyin, yığma komandaların komplektləşdirilməsi, hakimlərin peşə hazırlığının təmin olunması, gənc nəslin sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər həyata keçirilib. Kəngərli rayonunun Xok kənd tam orta məktəbində güləş bölməsi yaradılıb, məşqlərə qoşulan uşaq və yeniyetmələrə idman geyim dəstləri və güləş trikoları hədiyyə edilib. Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasındakı oyunlara start verilib, görüşlərdə ədaləti qoruyan hakimlər üçün Bakıdan dəvət olunan mütəxəssislərin iştirakı ilə seminar keçirilib. Türkiyə və Naxçıvan alpinistlərinin iştirakı ilə Haçadağa “Zəfər yürüşü”, müharibə iştirakçıları arasında peyntbol, ümumtəhsil məktəblərinin komandaları arasında voleybol, gənclər arasında oxçuluq, tir atıcılığı, həmçinin uşaq və yeniyetmə kikboksçular arasında muxtar respublika birincilikləri təşkil olunub.
Ötən ay idmançılarımız ölkə və beynəlxalq miqyaslı yarışlarda öz qüvvəsini sınayıb, uğur qazanıblar. Naxçıvan Boks Federasiyasının yetirməsi Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatının bürünc medalına sahib olub. Həsənqulu Abdullayev klassik bodibildinq üzrə Azərbaycan çempionu və çempionatın mütləq qalibi olmaqla, Avropa birinciliyinə vəsiqə əldə edib. Karateçilərimiz Serbiyanın Zrenjanin və Türkiyənin İstanbul şəhərlərindəki dünya çempionatlarında 4 gümüş, 3 bürünc, Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclər arasında 21-ci respublika birinciliyində 3 bürünc, eləcə də 8 Noyabr – Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirində 7 qızıl, 6 gümüş və 4 bürünc (Naxçıvan komandası medalların sayına və əyarına görə turniri ikinci sırada tamamlayıb) əldə ediblər. Beynəlxalq usta Talıb Babayev Türkiyənin Mərsin şəhərində keçirilən beynəlxalq şahmat turnirində 50 yaşdan yuxarı iştirakçılar arasında birinci olub. Sumqayıt şəhərində keçirilən VI Uşaq Paralimpiya İdman Oyunlarında isə təmsilçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Bundan əlavə, Xaçmaz şəhərində çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatına zona mərhələsinin qalibi kimi qatılan Babək rayon komandası ikinci yeri tutub, əlavə olaraq təmsilçilərimizdən 2-si fərdi göstəricilərə görə mükafata layiq görülüb.
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, qrafikə uyğun olaraq budəfəki gəzintidə Atletika, Basketbol, Voleybol və Futbol federasiyalarının təmsilçiləri müvafiq olaraq Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi və Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti