Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən başlıca meyarlardan biri onun sosial müdafiə sisteminin vəziyyətidir. Sosial müdafiə sistemi insanların sosial problemlərinin həllinə yönəldilən sosial və iqtisadi tədbirlər toplusu kimi, ilk növbədə, əmək qabiliyyəti olmayan və ya məhdud əməkqabiliyyətli şəxslərə dövlət tərəfindən müxtəlif formalı yardımların göstərilməsini özündə əks etdirir. Bu baxımdan inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkədə sosial müdafiə tədbirləri dövlət siyasətində çox böyük əhəmiyyət daşıyır.

 

Sosial sığorta qanunvericiliklə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta sistemi məcburi dövlət sosial sığorta haqları əsasında sığortaolunanları pensiya təminatından başqa, digər sosial müdafiə hüquqları ilə də təmin edir.

Ödənilən məcburi dövlət sosial sığorta haqları həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaratmış olur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan işləyən vətəndaşlar (sığortaolunanlar) pensiya yaşına çatdıqda, sağlamlıq imkanları məhdudlaşdıqda, ailə başçısını itirdikdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə, hamiləlik və doğum zamanı, uşaq anadan olduqda və sair bu kimi sosial sığorta hadisələri baş verdikdə fond tərəfindən müvafiq ödəmələrlə, yəni pensiya ilə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə və sair müavinətlərlə təmin olunurlar.
Muxtar respublikamızda qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemində cari ilin ötən dövrü ərzində fond tərəfindən 2270 yeni əmək fəaliyyətinə başlayan sığortaolunan uçota alınmışdır. Bunlardan 1364-ü Naxçıvan şəhərinin, 232-si Şərur rayonunun, 235-i Babək rayonunun, 124-ü Ordubad rayonunun, 134-ü Culfa rayonunun, 47-si Şahbuz rayonunun, 87-si Kəngərli rayonunun, 47-si isə Sədərək rayonunun payına düşmüşdür. Nəticədə, hazırda fondun yerli qurumlarında fərdi uçot sistemində qeydiyyata alınaraq, sosial sığorta nömrəsi verilməklə fərdi şəxsi hesab açılmış sığortaolunanların sayı 181 min 919 nəfərə çatmışdır.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az, e-sosial.az) və ya fondun (www.dsmf.nmr.az) internet səhifəsinə daxil olmaqla elektron və ya asan imzası olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta nömrəsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. Həmçinin fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək üçün “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sosial sığorta ödəmələrini almaq hüququ əldə edirlər. Buna görə də hər bir işləyən vətəndaş işəgötürənlər tərəfindən onların fondun müvafiq qurumlarında fərdi qaydada qeydiyyata alınmasına və vaxtlı-vaxtında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə maraqlı olmalıdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti