Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 6 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 3 nəfərə miniyerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə bərbər avadanlıqları, 1 nəfərə südsağan aqreqat, 1 nəfərə isə odunkəsən, otbiçən aparat və ehtiyat hissələri verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 17 nəfərini sağlamlıq imkanları məhdud şəxs, 2 nəfərini şəhid ailəsi, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 2 nəfərini isə ailəsində qazi olan şəxslər təşkil edib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Nazirliyin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Babək rayonunun Hacıvar kənd sakini Gülsüm Salmanova həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona otdoğrayan aqreqat verilib. Gülsüm Salmanova minnətdarlıq edərək bildirib ki, artıq 3 ilə yaxındır, proqrama cəlb olunub və ötən müddət ərzində təsərrüfatında ciddi artımlar qeydə alınıb.
Tədbirdə iştirak edən digər vətəndaşlar da göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti