Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar təşkil edilib.


Qeyd olunub ki, Ali Məclis Sədrinin müvafiq sərəncamları muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamın icrası istiqamətində nazirliyin hamiliyə verilən dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara nazirliyin və bələdiyyə orqanlarının gündəlik iş prosesi ilə yerində tanış olmaları üçün şərait yaradılır. Bu da təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnməsinə rəvac verir.
Çıxış edənlər dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü barədə geniş məlumat veriblər. Vurğulanıb ki, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında fəaliyyətin öyrənilməsi nəzəri və praktik əhəmiyyətə malikdir. Hər iki orqanın səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat verilib.
Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti