Dünən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən dövlət ailə siyasətindən ətraflı bəhs edib. Bildirilib ki, aparılan məqsədyönlü siyasət, bütövlükdə, muxtar respublikada ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Naxçıvan ailəsi möhkəm, özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Muxtar respublikada ailələrin sosial baxımdan güclü olması üçün əhalinin məşğulluq səviyyəsi yüksəldilmiş, ailələrin ildən-ilə gəlirləri artmış, ailə dəyərlərimiz geniş təbliğ olunmuşdur.
Komitə sədri çıxışında sosial qayğıya ehtiyacı olan ailələrin, şəhid, qazi ailələrinin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar, xüsusi qayğıya ehtiyacı olan ailələr özünüməşğulluq proqramına cəlb edilməsi, gənc ailələrin mənzillə təmin olunması istiqamətində görülmüş genişmiqyaslı tədbirlər haqqında da ətraflı məlumat verib.
Ramilə Seyidova muxtar respublikada ailələrə yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə Naxçıvan Muxtar Respublika sı Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, müsabiqələrin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, vətənpərvərlik ruhunu, milli adət-ənənələrimizi ictimaiyyətə, gənclərə təqdim etmək, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqü inkişaf etdirməkdir. Bildirilib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinə 34 müəllifin 41 rəsm, 40 müəllifin 40 inşa yazı, 5 müəllifin 5 dekorativ işi olmaqla, ümumilikdə, 86 iş təqdim olunub. Gənclər və istedadlı şəxslər arasında keçirilən yaradıcılıq müsabiqəsində “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 49 foto və 5 film olmaqla, ümumilikdə, 54 film və foto təqdim edilib. Gənclər və həvəskar yaradıcı insanlar arasında keçirilən bu müsabiqələrə təqdim olunan işlərin hər birində ailə dəyərlərimizin, adət-ənənələrimizin, ailə birliyinin qorunub saxlanılması, ailədə sülh və dözümlülük ənənəsinin təbliğ edilməsi və milli vətənpərvərlik ruhunda gənclərin yetişməsi öz əksini tapmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etmiş, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadılaraq gənc nəsillərə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunmuşdur.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək keçirilən müsabiqənin gənclər üçün əhəmiyyətindən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı, rəssam Nizami Alıyev belə tədbirlərin təşkilinin bugünkü gənclərimizin milli ruhda yetişmələri, bacarıq və istedadlarının üzə çıxarılması üçün vacib olduğunu bildirmişlər.
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsində qalib olmuş istedadlı şəxslər diplom və hədiyyələrlə təltif olunmuşlar.
“Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsində qalib olmuş istedadlı şəxslərdən 2 nəfər I yer olmaqla, hər birinə 200 manat, 2 nəfər II yer olmaqla, hər birinə 150 manat, 2 nəfər III yer olmaqla, hər birinə 100 manat pul mükafatı, 8 nəfər isə həvəsləndirci yer olmaqla, hər birinə hədiyyə və diplom təqdim olunub.
Sonda “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinə təqdim edilmiş, “Ən yaxşı film” nominasiyasına layiq görülmüş film izlənilib və müsabiqəyə təqdim olunmuş fotolardan ibarət videoçarxa və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti