Məlum olduğu kimi, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilir və aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilir. Həmin tapşırıqların icrası mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına şərait yaradır.


Bu il də avqust ayının 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı tədbirlər görülməsi, hərbi hissələr üçün isti geyimlərin toxunması işinin davam etdirilməsi barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə bağlı nazir­likdə yığıncaq keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla əlaqədar “Tədbirlər planı” tərtib olunub və nazirlik daxilində komissiya yaradılıb.
Hazırda hərbi hissələr üçün isti qış geyimlərinin toxunuşuna 26 nəfər sağlamlıq imkanları məhdud qadın cəlb olunub və bu istiqamətdə işlərə başlanılıb. Qeyd edək ki, ötən il bu məqsədlə sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt yun corab, 920 yun şərf, 3000 yun boyunluq və 1400 yun jilet haqqı ödənilərək təhvil götürülməklə Əlahiddə Ümumqoşun Ordunun dağlıq şəraitdə xidmət edən hərbçilərinin istifadəsinə verilib.
Mövsümə hazırlıqla əlaqədar müvafiq peşə kurslarının təşkili də hazırda diqqət mərkəzindədir. Bu məqsədlə artıq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə təşkil olunan 3 kursa 60, həmçinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru ixtisasartırma kursuna 10 nəfər cəlb olunub. Qazanxana maşinisti peşəsini bu ay 19 müdavim müvəffəqiyyətlə bitirərək sertifikatla təmin edilib. Hazırda isə qazanxana maşinisti kursu üzrə 40, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru ixtisasartırma kursu üzrə isə 10 nəfər olmaqla, ümumilikdə, 50 müdavimin iştirakı ilə sözügedən kurslar davam etdirilir. Əlavə edək ki, ötən il bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 8 kursa 140, Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qazanxana maşinisti kursuna 12, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisasartırma kursuna isə 21 nəfər cəlb olunub.
Verilmiş tapşırıqlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar Evinin təminatına diqqət artırılıb, müəssisədə sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Həmçinin sağlamlıq imkanları məhdud insanlara xidmət edən bərpa mərkəzlərində müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiyası istiqamətində hazırlıq işləri görülüb. Eyni tədbirlər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Şərur və Ordubad rayonlarında yerləşən defektoloji bölmələrində də həyata keçirilib.
Əlavə edək ki, görülən bu işlərlə yanaşı, sosial xidmət göstərilən tənha ahılların geyim və mövsümi ləvazimatlarla, sosial qayğıya ehtiyacı olan məktəblilərin isə qış geyimləri ilə təmin edilməsi də nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti