Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.

Növbəti əmək yarmarkası oktyabr ayının 18-də Ordubad rayonunda keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənc­lər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 21 müəssisədən 185 boş iş yeri təqdim edilib. Nəticədə, 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 3 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 2 nəfərini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.
Qeyd edək ki, növbəti əmək yarmarkası oktyabrın 19-da Naxçıvan şəhərində keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti