Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi kimi Vətən müharibəsinə yollanan, qəhrəmanlıqla şəhid olmuş Orxan Kərimlinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası təşkil edilib. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin ərazisində təşkil edilən ağacəkmədə fakültənin müəllim və tələbələri iştirak ediblər.

Beynəlxalq münasibətlər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov, kafedranın baş müəllimi Arzu Abdullayev, universitet Tələbə-Gənclər Təşkilatının sədri, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışlarında zəfər yolumuzun bir illik tarixinə nəzər salıblar. Diqqətə çatdırılıb ki, əsgərlərimiz Ali Baş Komandanın siyasi səriştəsi və ordumuzun döyüş əzmi nəticəsində şanlı tarix yazdılar. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolu haqqında məlumat verərək gənclərin belə təşəbbüsünü alqışlayıblar.
Qeyd edək ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində ali təhsil alan Orxan 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 9-da qəhrəmancasına şəhid olan Orxan Kərimli Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi