Ölkəmizdə həyata keçirilən sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biri pensiya təminatı sistemi ilə bağlıdır. Görülmüş işlərin nəticəsi kimi sosial baxımdan yüksək pensiya təminatı sisteminin yaradılmasına nail olunub. Hazırda ölkədə tətbiq olunan pensiya sistemi fərdi uçot əsasında sosial sığorta prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyasının növlərindən biri kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmuş müvafiq şərtlərə uyğun olaraq təyin edilir. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının qanunvericilikdə göstərilən ailə üzvlərinin (vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud olan şəxslər, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II dərəcə sağlamlıq imkanları məhdud olan şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə) nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək sığorta stajı 5 ildən az olmamaq şərtilə, əməkqabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, vəfat etmiş şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan 2 nəfər ailə üzvü ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət ediblər və 248 manat məbləğində əmək pensiyası təyin olunub. Vəfat etmiş şəxsin pensiya məbləği onun iki nəfər ailə üzvü arasında bölünəcəkdir (248:2=124 manat).
Vəfat etmiş, yaşa və yaxud sağlamlıq imkanları məhdudluğa görə əmək pensiyaçısı olmuş ailə başçısının ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının pensiyasının məbləğinin əməkqabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Məsələn, yaşa görə əmək pensiyaçısı olan ailə başçısı 1 fevral 2021-ci il tarixdə vəfat edib. Onun pensiyasının məbləği 264 manat təşkil edib. 20 iyul 2021-ci il tarixdə onun arvadı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət edib. Vəfat edən pensiyaçının pensiyasının məbləği (264 manat) onun arvadına sığorta hissə kimi ödənilməlidir.
29 dekabr 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilərək 1 yanvar 2021-ci il tarixdən həmin qanunun 14-cü maddəsindəki “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılmış, bununla da ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayı artmışdır. Belə ki, 2017-ci il iyul ayının 1-dən 2021-ci ilin yanvar ayının 1-dək ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının ailə üzvləri onun tam təminatında olduqda əməkqabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən isə 2021-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının ailə üzvləri onun tam təminatında olub-olmamasından asılı olmayaraq, əməkqabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Məsələn, ailə başçısını itirməyə görə ailəyə ayda 280 manat məbləğində əmək pensiyası təyin edilib. Vəfat etmiş şəxsin pensiya məbləği ailənin əmək pensiyası almaq hüququ olan 4 nəfər üzvü arasında bölünərək verilib (280:4=70 manat). Ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən (hazır­da ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manatdır) az olduğu üçün əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdirlər.
Qeyd edək ki, pensiya sistemi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət edən vətəndaşlarla iş daim diqqət mərkəzində saxlanılır. Onların müraciətləri qanunvericiliyin tələblərinə müvafiq qaydada həll edilir. Həmçinin fondun Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edən şəxslərin müraciətləri də araşdırılaraq operativ şəkildə cavablandırılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti