Dünən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz – baş leytenant Hüseynov Raqib Adil oğlu, Mayor Həsənov Sadiq Əli oğlu və doğum günü qeyd olunan əsgər Qurbanov Xansu Elsevər oğlunun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Bildirilib ki, qəhrəman övladların – şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunması məqsədi həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.
İştirakçılara şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onlar haqqında xatirələrini bölüşüblər. Tədbir çərçivəsində şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.
Qeyd edək ki, bu tipli görüşlərin təşkili bundan sonra da diqqətdə saxlanılacaq.