“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. 

 Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Əliyev tədbiri açaraq bildirib ki, “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən digər rayonlarda olduğu kimi Babək rayonunda da tədbirlər keçirir və bu tədbirlərin məqsədi sığorta sistemini daha da inkişaf etdirmək, əhalinin sığorta sistemindən yararlanmasıdır.

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Tural Ələkbərov bildirib ki, muxtar respublikamızda Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bütün sahələrdə olduğu kimi, sığorta sektorunun inkişafı üçün də geniş imkanlar yaradılıb. Görülmüş tədbirlər vətəndaşların sığorta sisteminə olan inam və etibarını daha da artırıb. “Naxçıvansığorta” ASC ilk regional sığorta şirkəti olaraq 2014-cü ildə təsis edilib və Maliyyə Bazarlarına Nəzarət orqanının müvafiq lisenziyası əsasında sığorta fəaliyyətini uğurla həyata keçirir. Şirkət ötən 7 il ərzində sığorta bazarında etibarlı mövqe tutub, müştərilərinə yüksəkkeyfiyyətli xidmətlər göstərməklə nüfuzlu tərəfdaşlar qazanıb. “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofislə yanaşı, Bakı şəhərində və muxtar respublikamızın digər bölgələrində satış təmsilçiləri fəaliyyət göstərir. Şirkət 6 könüllü və 2 icbari sığorta növü üzrə vətəndaşlara xidmət göstərir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü vəzifəsini icra edən Vüsal Məmmədov vurğulayıb ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının əhəmiyyəti ondan ibarətdir ki, sığorta hadisəsi baş verdikdə qarşı tərəfə vurulan zərərin müəyyən qisminin aradan qaldırılması təmin edilir. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat təşkil edir.
Çıxışlarda qeyd olunub ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortahaqqı məbləğlərinin hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilir.
Sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və onlara şirkətin əməkdaşları tərəfindən məlumat vərəqələri paylanılıb.

Xəbərlər şöbəsi