Muxtar respublikada sosial-iqtisadi siyasət uğurla həyata keçirilir, bütün sahələrdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaradır. Pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinin qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi, habelə ödənilmə sahəsində tətbiq olunan mütərəqqi üsullar əhaliyə daha yüksək səviyyədə xidmət göstərilməsini təmin edir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin, xüsusilə əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqətdə saxlanılır. Fond avqust ayını da uğurla başa vurmuş, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmüşdür. Əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 15 milyon 190 min manat, sosial sığorta ödəmələrinə isə 275 min manat vəsait xərclənmişdir.
Ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 7 milyon 845 min 800 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülmüşdür. Ümumiyyətlə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 50,7 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq yığılmışdır. Hesabat ayında 6 hüquqi şəxs və 213 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmışdır.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 153 vətəndaşa əmək pensiyası təyin edilmişdir. Bunlardan 108-i yaşa, 17-si sağlamlıq imkanları məhdudluğa, 28-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Pensiya təyin olunmuş vətəndaşların 116-sı kişi, 37-si isə qadındır. Fərdi uçot sistemində də işlər davam etdirilmiş, yeni əmək fəaliyyətinə başlayan 5 sığortaolunana fərdi şəxsi hesab açılmışdır.
Fond bundan sonra da əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin icrası sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti