Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən şəhid və qazi övladları üçün “Zəfər Düşərgəsi” başa çatıb.
Üç gün davam edən düşərgənin ilk günündə iştirakçıların Ağbulaq İstirahət Mərkəzi ilə tanışlığı təşkil edilib, Naxçıvan şəhərindən dəvət edilmiş psixoloq tərəfindən onlarla psixoloji seanslar aparılıb. Günün ikinci yarısında isə uşaqların vaxtının əyləncəli təşkili məqsədilə yapon kağız sənəti – oriqami üzrə ustad dərsi keçilib. Birinci günün sonunda uşaqlar üçün film nümayişi də təşkil olunub.
“Zəfər Düşərgəsi”nin ikinci günündə Naxçıvan Dövlət Kukla Teatrının düşərgəyə gəlişi iştirakçılar tərəfindən böyük sevinclə qarşılanıb. Günün birinci yarısında teatrın tamaşaları, sosial könüllülərin iştirakı ilə uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da təşkil olunub. Günün ikinci yarısında isə “Zəfər Düşərgəsi”ndə sağlamlıq imkanları məhdud uşaqlardan ibarət “Ümid” musiqi qrupunun və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” instrumental ansamblının konsert proqramı baş tutub.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, qazi və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır, bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Nazir əlavə edib ki, Vətən müharibəsindən sonra bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilib, keçirilən tədbirlərdə şəhid ailələrinin, qazilərimizin iştirakı ənənəvi xarakter alıb. Bu gün keçirilən “Zəfər Düşərgəsi” layihəsi də Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəyə ithaf olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov çıxış edərək belə tədbirlərin əhəmiyyətindan danışıb. Qeyd olunub ki, bu kimi tədbirlər, həm də gənclərə vətənpərvərlik ruhunun aşılanması və onların bu istiqamətdə formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazanılan tarixi zəfər də ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda formalaşmış dövlət-xalq-ordu birliyinin layiqli nəticəsidir. Qeyd edək ki, tədbirin davamında uşaqlara hədiyyələr təqdim olunub.
“Zəfər Düşərgəsi”nin sonuncu günü də iştirakçılar üçün yaddaqalan olub. Həmin gün düşərgədə müxtəlif əyləncəli oyunlar oynanılıb, iştirakçılar rəsm və milli yeməklərin hazırlanması üzrə keçilən ustad dərslərində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti