Bu günlərdə İslam dünyasının bir çox xalqları tərəfindən  Kərbəla hadisəsi bir daha yad edilir, şəhidlərin ruhuna dualar oxunur, faciədən çıxarılan dərslər nəzərdən keçirilir. Tanınmış filosoflardan Tomas Korlayl dediyi kimi, “Kərbəla faciəsindən aldığımz ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşları Allaha möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur”.  Alman filosofu Marbani isə deyirdi: “Müsəlmanların mövcudluğu Hüseynin şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”.

 

Bir sıra tarixçilərin, filosofların da məsələyə məhz bu kontekstdən yanaşması belə deməyə əsas verir ki, faciə ilə nəticələnən hadisənin mənəvi tərəfi daha böyük əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayevlə söhbətimizdə də Kərbəla hadisəsinin mahiyyəti və bu faciənin baş vermə səbəbləri barədə oldu. İmam Hüseynin inqilabi hərəkatı kimi tarixdə böyük iz qoyan hadisənin səbəbləri barədə danışan Vüqar Babayev dedi: 

- Kərbalı hаdisәsini tәfsir еdib hәqiqi mаhiyyәtini bаşа düşmәk оlduqcа çәtindir. Tаriхdә dә bu barədə әtrаflı mәlumаt vеrilmәmişdir. Bu böyük hаdisәyә yol açan аmillәrin mürәkkәbliyi səbəbindәn hәrә оnu bir cür аydınlаşdırmağa, bәzilәri dә оndаn sui-istifаdә еtməyə çalışmışdır.

Tarixdə qeyd olunanlara nəzər yetirsək görürük ki, İmam Hüseyn inqilabı haqqın-ədalətin, İslam dinin əsaslarının qorunması, baş alıb gedən haqsızlığın aradan qaldırılması naminə baş verib.  Xilаfәtin vә hökumәtin irsi bir mәsәlә olmadığı, ancаq Аllаhın әmri vә Pеyğәmbәrin vаsitәsilә tәyin оlunаn şәхsin rəhbər ola biləcəyi bu hadisənin mahiyyətini təşkil edir, xәlifәni həm də xalqın sеçmәli olduğu vurğulanır.

İmam Hüseyn ölkədə baş alıb gedən özbaşınalığa, haqsızlığa, əxlaqsızlığa qarşı inqilab etmişdir. O, Vətəninin, müsəlmanların gələcəyini düşünmüş, öz həyatını haqq-ədalət yolunda qurban vermişdir. Əqidəyə, tutduğu haqq yola sədaqət nümunəsi göstərmişdir. Bu yolda göstərdiyi böyük fədakarlıq ilə yüzillər boyu insanların dərin sevgisini qazanmışdır.

- İslam alimləri Məhərrəm ayı, xüsusən də bu aydakı Aşura günün hikməti barədə mühüm hədislərin olduğunu qeyd edirlər...

-Bəli, Peyğəmbərimiz tərəfindən məhərrəm ayı “Allahın ayı” olaraq ifadə edilmişdir. Aşura günü isə məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Allah qatında ayrı bir yeri vardır. Bu gündə Cənabu-Haqq on peyğəmbərinə on mükafat təqdim etmişdir. Bu ayda oruc tutmaq çox savabdır. Məhərrəm ayının digər aylar arasında ayrı bir yeri olduğu kimi, Aşura günü də digər günlər içində daha mübarək və bərəkətli gün kimi bilinməkdədir. “Qurani-Kərim”in “Fəcr” surəsində “On gecəyə and olsun” ifadəsi ilə Ulu Tanrı bu gecələrə and içərək onların üstünlüyünü və bərəkətini bildirmişdir. Peyğəmbərimizin hədislərində də bu günə bu adın verilməsinin hikməti, o gündə Cənabu-Haqqın on peyğəmbərinə qeyd edəcəyimiz mükafatları lütf etməsindədir: 

1. Allah Musa Peyğəmbərə Aşura günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Musa Peyğəmbəri və qövmünü xilas etmiş, Firon ilə ordusunu sulara qərq etmişdir.

2. Nuh Peyğəmbərin gəmisi Cudi dağının üzərində Aşura günündə dayanmışdır.

3. Yunis Peyğəmbər balığın qarnından həmin gün xilas olmuşdur.

4. Adəm Peyğəmbərin tövbəsi Aşura günü qəbul edilmişdir.

5. Yusif Peyğəmbər qardaşlarının atmış olduğu quyudan Aşura günü çıxarılmışdır.

6. İsa Peyğəmbər o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.

7. Davud Peyğəmbərin tövbəsi o gün qəbul edilmişdir.

8. İbrahim Peyğəmbərin oğlu İsmayıl Peyğəmbər o gün doğulmuşdur.

9. Yaqub Peyğəmbərin oğlu Yusif Peyğəmbərin həsrətindən bağlanan gözləri o gün görməyə başlamışdır.

10. Əyyub Peyğəmbər o gün şəfaya qovuşmuşdur. 

Beləliklə, mənalı və qüdsi hadisələrin ildönümü olan bu mübarək gün və gecə səadət əsrindən bəri müsəlmanlar tərəfindən həmişə qeyd olunmuşdur. Bu günlərdə ibadətə daha çox zaman ayıranlar başqa günlərə nisbətdə daha çox xeyir tapmışlar. Cənabu-Haqqın bu günlərdə edilən ibadətləri, tövbələri qəbul edəcəyinə dair hədislər mövcuddur.

- Qeyd etdiklərinizdən belə aydın olur ki, Məhərrəm ayı və xüsusən Aşura günü təkcə müsəlmanlarda deyil, həm də digər dinlərin nümayəndələri tərəfindən müqəddəs ay və müqəddəs gün hesab edilir. Bununla bağlı əsaslı faktlar varmı?
- Bunu təsdiq edən bir çox fakt vardır. Belə ki, Məhərrəm ayı və Aşura günü əhli-kitab olan xristian və yəhudilər tərəfindən də müqəddəs sayılarmış. Məhəmməd Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra orada yaşayan yəhudilərin oruclu olduqlarını öyrəndi və “Bu, nə orucudur?” – deyə soruşdu.

Yəhudilər “Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu dənizdə boğdurduğu gündür. Musa Peyğəmbər şükür olaraq bu gün oruc tutmuşdur”, – dedilər. Aşura günü tək əhli-kitab arasında deyil, Nuh Peyğəmbərdən, İslamdan əvvəl – cəhalət dövründə də ərəblər arasında İbrahim Peyğəmbərdən bəri müqəddəs bir gün olaraq bilinmiş və həmin ay oruc tutulmuşdur. Aşura gününün mənəvi aydınlığı üzərində Kərbəla qaranlığı da görünməkdədir.

- Kərbəla hadisəsi bizə nəyi ifadə edir? Yəni bu hadisənin mahiyyətinə nəzər salsaq buradan hansı nəticələri çıxara bilərik?

-Həqiqətən də Kərbəla faciəsi müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olub. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, həzrəti Hüseynin həyat və mübarizəsinin yad edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Hüseynin mübarizəsində Vətən sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbərolma hikməti vardır. Bu mübarizə bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. 

- Təəssüf ki, dini-mənəvi baxımdan çox əhəmiyyətli bir gün olan Aşura günündə bəzən insanların özlərinə zərər vurmalarının da şahidi oluruq. Dini nöqteyi-nəzərdən bunun hər hansı bir əsası varmı?

- Allahu-Təala insana canı əmanət olaraq verib. Onu ancaq din, Vətən yolunda fəda etmək olar. Keçmişdən bu günə qədər hər kəs bir cür İmam Hüseyin üçün fədakarlıq edir. Tövsiyyə olunmur ki, insanlar bədənlərinə zəncir vurmaqla, baş yarmaqla qan çıxarsınlar. Bəzi insanlar bunu təsəlli xatirinə edirlər. Ancaq Aşura günü baş yarmaq, zəncir, sinə vurmaq və ya digər hər hansı lazımsız, əhəmiyyətsiz şeylər etməyin heç bir mənası yoxdur. Baş yarıb boş yerə qan tökməkdənsə, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə İdarənin rayon və şəhər məscidlərində təşkil etdiyi qanvermə aksiyalarında iştirak etmək daha məqsədəuyğundur.

Müsəlman dünyasında ilk dəfə olaraq bu addım Azərbaycanda atılıb. Biz məscidlərimizdə qanvermə aksiyası keçirməklə cəmiyyətə bir mesaj vermiş oluruq. Belə ki, verdiyimiz qan xalqımıza yardım xarakteri daşıyır. Qana ehtiyacı olan xəstələrə qanımızı verməklə onlara bir növ dəstək vermiş oluruq. Bununla da, Aşurada müxtəlif vasitələrlə bədənlərindən qan çıxarmağın əleyhinə olduğumuzu bir daha nümayiş etdiririk.

Qeyd etdiyimiz kimi, İmam Hüseyn haqq, ədalət yolunda şəhid olub. Aşura günü İmam Hüseynlə bərabər xalqımız həm də torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarını da yad edir. İmam Hüseyn məktəbi elə bir məktəbdir ki, onu biz xalqa çatdırmaqla şücaət məktəbini əməli formada təqdim etmiş olarıq. Harada şəhidlik məqamı varsa, orada şücaətlik, vətən sevgisi var.

Həzrəti Hüseyn şəhidlik mükafatının ən uca mərtəbəsinə çatmışdır. Qədər hökmünə inanan hər bir mömin bu hadisəyə kədərlənər, ancaq etiqadını və soyuqqanlılığını itirməz; duyğular səhvlərə, özünə və digərlərinə qarşı şiddətə aparmamalıdır. Çünki meydana gələn bütün hadisələr əzəli təqdirin bir hökmüdür. Bu baxımdan bunu yas mərasimi halına çevirmək dinimizin etiqad və inancına ziddir.

     

Müsahibəni qələmə aldı: Rauf  ƏLİYEV