Dövlət proqramı icra olunur


Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətin xüsusi sosial qayğıya ehtiyacı olan nümayəndələridir. Həmyaşıdları ilə bərabər imkanlara malik sağlam mühitin formalaşdırılması bu uşaqların cəmiyyətə inteqrasiya olunması baxımından olduqca əhəmiyyətlidir. Çünki bu istiqamətdə həyata keçirilən tədbirlər məhdud fiziki imkanlı uşaqların özlərini cəmiyyətdən təcrid etməsinin qarşısını alır və onların hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır.

 

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması və onların sosial statusunun bərpası xüsusi diqqətdə saxlanılan məsələlər sırasındadır. Ötən müddətdə icrası uğurla həyata keçirilən Dövlət proqramlarından əldə edilən nəticələr bunu deməyə əsas verir. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan sonra “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın da icrasının uğurla başa çatdırılması bu sosial kateqoriyadan olan uşaqların layiqli vətəndaş kimi formalaşması istiqamətində görülən işlərin kompleks xarakter almasına səbəb olmuşdur. Sonuncu proqramın icrası müddətində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilmiş, fərdi, ailə və uşaq istiqamətli psixoloji dəstək xidməti yaradılmışdır. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinə 59, ümumtəhsil müəssisələrinə 372, musiqi məktəblərinə 147, idman məktəblərinə 532 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmiş, 319 uşaq məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunmuşdur.
Görülən işlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə bu sahədə yeni – “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda nəzərdə tutulan tədbirlərin yönəldiyi əsas istiqamətlərdən birini sağlamlıq imkanları məhdud uşaqların təhsilə inteqrasiyasının davam etdirilməsi təşkil edir. Muxtar respublikada təhsilin müasir standartlar səviyyəsində təşkilinə göstərilən diqqət sağlamlıq imkanları məhdud uşaqları da əhatə etməkdədir. Bu kateqoriyanın nümayəndələrinin erkən yaşlardan əhatəli təhsil imkanları ilə təmin olunması onlarda cəmiyyət həyatına psixoloji hazırlığın yüksəldilməsinə və özünəinamın formalaşdırılmasına müsbət təsir göstərir. Dövlət proqramının icrası məqsədilə ikinci rübdə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində işlər davam etdirilmişdir. Mayın 18-də hərəkət qabiliyyəti məhdud 1 uşaq distant tədrisə cəlb olunmuş, dərs ləvazimatları və məktəbli geyimi ilə təmin edilmişdir. Əlavə olaraq Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin ibtidai təhsil səviyyəsini başa vuran 5 uşağın təhsilini “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi”ndə davam etdirmələri üçün lazımi sənədlər toplanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. İkinci rübün sonunda muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrində 56, ümumtəhsil müəssisələrində 1039 sağlamlıq imkanları məhdud uşaq qeydə alınmışdır.

Bu sosial kateqoriyanın nümayəndələrinin cəmiyyətə uyğunlaşmasında, onlara müxtəlif bacarıq və vərdişlərin aşılanmasında peşə təhsilinin də rolu danılmazdır. Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi onların əmək bazarına inteqrasiya olunması və sosial reabilitasiyasının başlıca şərtlərindəndir. İkinci rübdə bacarıq, imkan və maraqları nəzərə alınmaqla Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin xalçaçı, Naxçıvan Şəhər Peşə Liseyinin toxucu və bərbər kurslarının hər birinə 1 uşaq olmaqla, ümumilikdə, peşə kurslarına müvafiq kateqoriyadan olan 3 uşaq cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşə sahələri üzrə əmək vərdişlərinə yiyələnmələri onların fərdi inkişafına müsbət təsir göstərən amillərdəndir.
Həmin kateqoriyadan olan uşaqlar üçün inklüziv təhsilin səmərəsini artıran faktorlardan biri də müəllimlərin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Pro­qramın icrasına uyğun olaraq ikinci rübdə 18 psixoloq və 12 ibtidai sinif müəlliminə “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda seminar keçirilmişdir.
Qeyd olunanlarla yanaşı, bu dövrdə 7 məktəbəqədər, 29 ümumtəhsil, 4 məktəbdənkənar müəssisə, 1 lisey və 12 musiqi məktəbi olmaqla, ümumilikdə, 53 müəssisədə tədrisə cəlb edilmiş 383 sağlamlıq imkanları məhdud uşaqla bağlı monitorinqlərin aparılması təmin edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün əlverişli təhsil şəraitinin yaradılması ilə yanaşı, tibbi reabilitasiya tədbirlərinin təşkili də onların həyata adaptasiyasına mühüm köməklik göstərir. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların reabilitasiya potensialının düzgün müəyyənləşdirilməsi, onların tibbi-terapevtik müalicələrinin təşkili istiqamətində tədbirlər geniş vüsət almışdır. Qeyd olunanlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara psixoloji dəstəyin də göstərilməsi onlarda həyata inam hissinin inkişafına təkan verir. Proqramın icrasına uyğun olaraq ikinci rübdə 32 uşaq bərpa müalicəsinin təşkili məqsədilə göndərişlə təmin olunmuşdur. Bu dövrdə Naxçıvan Uşaq Bərpa Mərkəzində, ümumilikdə, müvafiq kateqoriyadan olan 68 uşağın müalicəsi təşkil edilmişdir. Aprel-iyun aylarında 13 sağlamlıq imkanları məhdud uşaq texniki reabilitasiya vasitələri ilə təmin edilmiş, 19 uşağa protez-ortopedik xidmətlər göstərilmişdir. Əlavə olaraq səyyar xidmət zamanı 2 uşaq ortezlə, 1 uşaq isə veloaraba ilə təmin olunmuşdur. İkinci rübdə 1 uşaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Sosial Xidmətlər Müəssisəsinə yerləşdirilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin reabilitasiya bölmələrinə 24, psixoloji dəstək xidmətinə 39 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Mərkəzdə Dövlət proqramının qəbul edildiyi gündən etibarən “Kukla” və “Nağıl” terapiyalarının tətbiqinə başlanılmışdır. İkinci rübdə bu terapiyalara, ümumilikdə, 52 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Yeni terapiyaların fəaliyyətə başlaması sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası və sosial adaptasiyasına köməklik məqsədi daşıyır.
İdman sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki inkişafının mühüm şərtlərindəndir. Bu sosial kateqoriyanın nümayəndələrinin müxtəlif idman tədbirlərində iştirakının təmin olunması onların istedadlarının üzə çıxarılmasında önəmli rol oynayır. İkinci rübdə muxtar respublikanın şəhər və rayonlarında velosiped, stolüstü tennis, şahmat, boccia, dart və yüngül atletika idman növləri üzrə təşkil olunan 12 müsabiqədə 194 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Keçirilən müsabiqələrdə iştirak edən uşaqlar müxtəlif diplom, fəxri fərman və həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışlar.
Bütün bunlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili də onların intellektual və mənəvi inkişafı baxımından effektiv nəticə verir. Təşkil olunan tədbirlər, eyni zamanda uşaqların psixi inkişafına da köməklik göstərir. İkinci rübdə muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrdə yaradılmış innovativ dərnəklərə 169 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Müvafiq kateqoriyadan olan uşaqlar üçün oxunması zəruri olan kitabların müzakirəsi, rəsm, bədii qiraət müsabiqələri, bilik yarışları, gəzintilər, əyləncəli oyunlar, müxtəlif bədii əsərlərdən ibarət səhnəciklər olmaqla, ümumilikdə, 18 tədbir təşkil edilmişdir. Keçirilən tədbirlərdə bu sosial kateqoriyanın 150-dən çox nümayəndəsinin iştirakı təmin olunmuşdur. İkinci rübdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlardan ibarət “Ümid” musiqi qrupu yaradılmışdır. 18-22 may tarixlərdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Bədii tikmə və toxuculuq sənəti üzrə təşkil olunan 5 günlük kursda 20 sağlamlıq imkanları məhdud uşağın iştirakının təmin olunması onların ictimai bacarıqlarının düzgün yönləndirilməsinə xidmət etmişdir.
Dövlət proqramının icrası istiqamətində maarifləndirmə tədbirləri də diqqət mərkəzində olmuş, 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü münasibətilə autizm sindromundan əziyyət çəkən uşaqların valideynləri ilə görüş keçirilmişdir. Proqram çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında “Yaradıcı əllər” verilişi hazırlanmış, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 12 material yerləşdirilmiş, “Şərq qapısı” qəzetində 4 yazı dərc olunmuşdur.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı Dövlət proqramlarının qəbul edilməsi və icrasının uğurla həyata keçirilməsi insan amilinə verilən önəmin parlaq nümunəsidir.

“Şərq qapısı”