İnsana təbiət mənzərələrindən çox dinclik bəxş edən ikinci bir gözəllik yoxdur. Çay kənarı, göl mənzərəsi, quşların məhəbbət sədası fonunda ağacların kölgəsi, yay aylarında belə diş göynədən bulaqların ətrafı... Bəzən, sadəcə, bir gilə su şırıltısı belə insanı bütün stress və yorğunluqlardan arındırır, ruhunu təzələyir... Bu səbəbdən də, necə deyərlər, istirahət günlərinin xoş və mənalı keçməsini istəyənlər, sağlamlığının qədrini bilənlər fürsət düşdükcə özünü hansısa bir təbiət abidəsinin qucağında tapır. Gərgin iş həftəsinin ardından ötən şənbə günü fürsət bilib özümüzü ana təbiətin ağuşuna atmışdıq. Ordubadın təbiət gözəli Pəzməri şəlaləsini ziyarətimizlə bağlı olduqca gözəl təəssüratlarımızı sizinlə də paylaşmaq istədim.

Bəli, təbiətlə baş-başa qalmaq üçün yer seçimimiz Ordubadın baş tacı olan Pəzməri idi. Çünki bura təmiz havası, gözəl təbiət mənzərələri və ən əsası da şəlalələri ilə zəngin turizm potensialına malikdir. Yəqin ki, bu yerlərin təbiət inciləri sırasında Pəzməri şəlaləsinin füsunkar şöhrətini eşidib-bilməyən yoxdur. Bu təbiət gözəlini fotolardan, videolardan çox görmüşdüm. İndi isə, budur, həmin füsunkar gözəlliklə üz-üzəyəm.
Maraqlıdır, insan həyatında gözəl olan hər şey asan əldə edilmir. Bəlkə də, onu dəyərli edən də məhz budur. Elə Pəzməri şəlaləsi kimi. Bu təbiət incisi kənddən çox da uzaqda deyil. Lakin irəlilədikcə qarşımızda sinə gərən sərt dağların, qayaların yaratdığı çətinliklər yolu bir qədər uzadır. Başlanğıcını 3 min metr yüksəklikdən götürən çayın insanlara bəxş etdiyi bu gözəl mənzərədən zövq almaq üçün avtomobillə dolanbac yollar qət etdik. Bəri başdan deyim ki, əgər buralara yolunuz düşərsə, sizi Pəzməri şəlaləsinə iki yol aparacaq. Biri dağların zirvəsindən üzüaşağı, digəri isə çay vadisi boyunca şəlaləyə doğru uzanır. Biz qısa olsun deyə nisbətən çətin yolu seçib dağ enişə irəlilədik.
Bu ünvanı əbəs yerə “Azərbaycanın incisi” Ordubadın “baş tacı” adlandırmırlar. Çünki bu mənzərənin, sadəcə, bir adı var: möhtəşəm. Pəzməriyə gəlmək üçün yollar nə qədər çətin olsa da, onun valehedici gözəlliyini gördükdə çətinliklə getdiyimiz yolların yorğunluğunu bir anda unutduq.
Bir neçə dəqiqədən sonra buludların hakim kəsildiyi dağların zirvəsindən o əsrarəngiz mənzərənin şahidi olduq. Yüksəklikdən durub seyr etdikdə uzaqdan da olsa, gördüyümüz bu ilk mənzərə bütün diqqətimizə hakim kəsildi. Dağların arasından “zülfünü” üzüaşağı sərən şəlalə gördükcə doymayacağın füsunkar bir mənzərə canlandırdı gözlərimiz önündə. Bu məqamda sizə həmin an keçirdiyim hisslərdən söz açmaq istərdim. Sözün açığı, ilk keçirdiyim həyəcan dolu hiss bu oldu; indiyədək bu yerlərə gəlib çıxmadığıma görə heyifsiləndim. Sərt qayaların arasından yol tapıb özünü 30 metr aşağı atan suyun yaratdığı görüntüsü ilə “gizli cənnət”dir Pəzməri. Bura foto həvəskarlarını, təbiətdən zövq alanları özünə heyran qoyur. Buna gəlib öz gözlərinizlə şahidlik etdikdə tam əmin ola bilərsiniz.
Səfər əsnasında mənbələrdən maraqlanıb öyrənmişdim ki, dəniz səviyyəsindən 2100 metrdən yüksəkdə gurlayan Pəzməri şəlaləsi axının sürəti və su sərfi baxımından digər şəlalələrdən fərqlənir. Ümumiyyətlə, Pəzməri Azərbaycandakı ən böyük şəlalələrdən biridir. Onun nisbi hündürlüyü, təxminən, 30 metrə yaxındır.
Dağların qoynundan üzüaşağı irəliləmək o qədər rahat olmasa da, bu təbiət gözəlinə bir an öncə qovuşmaq, onun narın damlalarından həzz almaq istəyi bizi məsafələri qısa zamanda qət etməyə ruhlandırırdı. Biz irəlilədikcə şəlalə də, sanki bizi gözləyirmiş kimi, xoş sədası ilə bizi səsləyirdi. Məsafələr azaldıqca onun heyranedici səsi bizə bir az daha yaxın gəlirdi...
Mümkün olan yerə qədər avtomobillə, ardınca dağların qoynu ilə uzun müddət irəliləyib, nəhayət ki, özümüzü Pəzməri şəlaləsinin ağuşuna atdıq. Səsi nə qədər gur olsa da, bu səs insana hüzur verir. Budur şəlalənin gur səsi artıq daha aydın eşidilir. Təbiətin daha bir xoş melodiyası. Sözlə ifadə edilməsi çətin yox, mümkünsüz bir melodiya deyərdim...
Dərəyə endikdə sarı qayaların ətəyindəki ağ libaslı bu gözəllik qarşısında heyrətimizi gizlədə bilmədik. Az öncə, sanki ayaqlarımızın altında çağlayan şəlalə indi qulaqbatırıcı səsi və hündürlüyü ilə əzəmətli görünür. Bu heyranedici mənzərəni seyr edib, qayalarda əks-sədasını yüksəldən suyun melodiyasını dinlədikdən sonra, bircə hiss duyğularımıza hakim kəsilir: bu qədər yolu gəlməyə dəyər.
Bir məqamı da vurğulayım ki, havanın kifayət qədər isti olmasına baxmayaraq, kilometrlərlə yol qət edən şəlalənin suyu olduqca sərindir. Şəlalə töküldüyü yerdə kifayət qədər dərinlikdə bir çuxur da yaradıb. Sərt qayalara çırpılaraq onlarla metr yüksəklikdən tökülən şəlalənin çılğın suyu aşağı çatdıqda sakitləşib rahatlıq tapır. Buraya gələn hər kəs kimi biz də ətəyimizi çırmalayıb Pəzmərinin sərin suyunda rahatlıq tapdıq. Yüksək axın sürəti ilə ətrafa çilənən narın su damlalarının xəfif toxunuşunun bəxş etdiyi sərinlik və rahatlıq isə sözlə ifadə edilməyəcək bir hissdir. Gözlə görülməyəcək qədər narın olan bu damlaların Günəşin şəfəqləri ilə birləşib yaratdığı kiçicik göy qurşaqlarından həzz almamaq isə mümkün deyil.
Qeyd edim ki, Pəzməridə eyniadlı böyük şəlalədən başqa bir neçə kiçik şəlalə də mövcuddur. Bu şəlalələr ərazidə olduqca füsunkar mənzərə canlandırır. Onlardan biri elə Pəzməri şəlaləsindən bir qədər yuxarıda çağlayır. Pilləvari görünüşü ilə diqqətçəkən bu şəlalə Pəzməri çayının ən bol sulu qolu olan Qaplançayın üzərində yerləşdiyindən bölgənin sakinləri tərəfindən “Qaplan şəlaləsi” adlandırılır. Bu adın özü də diqqətçəkicidir. Çünki nadir fauna nümunələri ilə seçilən bəbirlər, dağ keçiləri, muflonlar diyarı Ordubad dağlarında həm də vaxtilə qaplanların çox olması ilə əlaqələndirilir.
Onu da qeyd edim ki, yaxın aylarda bura yolu düşənlər daha abad Pəzmərinin şahidi olacaqlar. Kəndin yolları yenidən qurulur, burada turizm guşələri yaradılır. Bütün bunlar Pəzmərinin turizm imkanlarını daha da artıracaq. Kənddə həmsöhbət olduğum yaşlı sakinlərdən birinin də dediyi kimi, heç vaxt ağlımıza gəlməzdi ki, bu uca dağların qoynunda mürəkkəb relyefə malik bu ərazilərdə nə vaxtsa dağların bağrı yarılacaq, kəndə müasir asfalt yollar salınacaq.
Yaz və yay aylarında muxtar respublika sakinləri deyil, digər bölgələrdən də çoxsaylı qonaqlar təşrif buyurur buraya. Təbiətdən zövq alaraq istirahət etmək istəyənlər üçün bura əsl ideal məkandır. Bir sözlə, Ordubadın bu “gizli cənnət”i şəlalələri və ətraf mənzərələri ilə bu ünvana gələn hər kəsi ovsunlayır. Bu cənnətin sehrinə düşmək istəyirsinizsə, mütləq siz də təşrif buyurun.

 Gülcamal TAHİROVA