Ağbulaq İstirahət Mərkəzi muxtar respublikamızda ilk kənd turizm infrastrukturunun yaradıldığı məkandır. Bu gün Naxçıvan-Şahbuz turizm marşrutunun Şahbuz-Ağbulaq istiqaməti üzrə səyahətə çıxan turistlər bir anda təbiət gözəllikləri ilə insan əli möcüzələrinin vəhdətinin, insan rifahına xidmət edən bütöv bir rekreasiya-istirahət kompleksinin cazibəsinə düşürlər. Bölgənin füsunkar təbii şəraiti, dəniz səviyyəsindən hündürlüyü, həmçinin bitki örtüyü və canlı aləmi ərazinin hər yerində müxtəlif istirahət proqramları təşkil etməyə hərtərəfli şərait yaradır. Ağbulaq kəndində aparılmış geniş infrastruktur yenilənməsi işləri yerli sakinlərin rahat yaşayışı ilə bərabər buraya gələn turistlərin də mənalı istirahətinə tam imkan verir. Ona görə də müxtəlif yaş və məşğuliyyət kateqoriyasından asılı olmayaraq, buraya gələn turistləri bir-birindən maraqlı istirahət günləri gözləyir. 

Dəniz səviyyəsindən iki min metrə qədər hündürlükdə yerləşən Ağbulaqda qışda soyuq, yayda isə özünəməxsus gözəl hava şəraiti olur. İnsan burada özünü hər fəsildə rahat hiss edir. Havanın ideal təmizliyi, oksigen bolluğu, yayda yaşıllığı ilə gözoxşayan, qışda isə ağ örpəyin cəlbedici mənzərəsi insanların əhvali-ruhiyyəsinə müsbət təsir göstərir. Əsrarəngiz təbiət guşələri, zümzüməli bulaqlar, mineral su mənbələri, bir-birinə qaynayıb qovuşmuş meşə və kolluqlar, qarla örtülü dağ yamacları, zirvələr buraya gəlmiş turistlər üçün əvəzedilməz təəssürat mənbələridir.

Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir. Həftənin şənbə, bazar günləri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzinə yollanması artıq ənənə halını alıb. Qeyd edək ki, bundan əvvəl – iyunun 5-6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, 12-13-də isə Naxçıvan Muxtar Respublikası Səhiyyə və Vergilər nazirliklərinin kollektivləri mərkəzdə olublar. İyunun 19-20-də isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları həftəsonu istirahətlərini burada keçiriblər. İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olub, onlar üçün yaradılan bütün şəraitdən istifadə ediblər. Rahat və geniş istirahət mərkəzində müxtəlif stolüstü və əyləncəli oyunlarda iştirak edib, film izləyiblər. Qonaqlara milli mətbəximizin zəngin və ləziz təamları təqdim olunub. Mərkəzdə istirahət edənlərlə görüşüb onların təəssüratlarını öyrəndik.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Vüsal Muradov bizimlə söhbətində bildirdi ki, mərkəzdə istirahətimizin mənalı təşkili üçün hər cür şərait yaradılıb. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. Diqqətimi çəkən isə burada oxunması zəruri olan kitabların guşəsinin olmasıdır. Vaxtımız demək olar ki, çox gözəl və səmərəli keçdi.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva isə dedi ki, mərkəzdə yaradılan yüksək şərait və göstərilən xidmət istirahət edənlərin ürəyincədir. Mərkəzdə quraşdırılan kanat yolla Ağbulağın zəngin təbiətinin ümumi mənzərəsini daha gözəl müşahidə edə bildik. Ağbulaq Xizək Mərkəzi isə xüsusilə qış fəslində vaxtını maraqlı, əyləncəli keçirmək istəyənlər üçün idealdır. İki gün ərzində vaxtın necə gəlib keçdiyini hiss etmədik. Buradan xoş təəssüratlarla ayrıldıq.
Qeyd edək ki, ötən şənbə və bazar günləri mərkəzdə, ümumilikdə, 60-dan çox dövlət qulluqçusu istirahət edib.

 Aytac CƏFƏRLİ