Naxçıvan Şəhər Nəqliyyat İdarəsində taksi fəaliyyəti ilə sərnişindaşıma xidməti göstərən sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov çıxış edərək bildirib ki, turizmin inkişaf etdirilməsi üçün nəqliyyat xidmətinin yüksək səviyyədə təmin olunması, nəqliyyat vasitələrinin tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulub, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndində turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı aid təşkilatlara tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin muzey günlərinin qrafiki tərtib olunub, qrafikə əsasən sürücülərin muzeylərdə məlumatlandırılması işi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Süleyman Rüstəmov çıxışında bildirib ki, taksi sürücüsünün etik davranış qaydalarına ciddi əməl etməsi də bu peşə sahiblərinin diqqət yetirməli olduğu ən vacib məsələlərdən biridir. Vurğulanıb ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən mövcud tələblərə əməl edilməsi bu sahədə xidmətin keyfiyyətini vaxt keçdikcə daha da yaxşılaşdıracaq.
Sonda sürücüləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi