Yanğın gözlənilməz hadisə kimi bir çox sahələrdə baş verə bilər. Hər birimiz üçün arzuolunmayan yanğın insanlara çox ciddi ziyan vuracaq amillərə malikdir. İllərboyu zəhmət çəkərək qurduğumuz evin, evdəki mülkiyyətin, digər avadanlıqların yanaraq məhv olmasını kimsə istəyərmi? Əlbəttə ki, yox. Ona görə də yanğın təhlükəsizliyinin təmin edilməsində həm nazirliyin aidiyyəti qurumlarının, həm də vətəndaşların üzərinə mühüm vəzifələr düşür. Buna görə də nazirlik tərəfindən aparılan maarifləndirmə tədbirləri böyük əhəmiyyət daşıyır.
Bildiyimiz kimi, muxtar respublikamızın iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rola malikdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi vacib bir vəzifə məhz bu sahə tərəfindən icra olunur.

Qeyd edək ki, bütün sahələrdə olduğu kimi, taxıl və ot biçinində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Unudulmamalıdır ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də kənd təsərrüfatında, o cümlədən fermer kimiçalışan bütün insanların, təsərrüfat başçılarının, müxtəlif texnika sahiblərinin başlıca vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsi isə yetişdirdiyimiz məhsulun vaxtlı-vaxtında tədarük edilməsi və iqtisadiyyatımızın gücləndirilməsi deməkdir.
Hər il Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər, rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri tərəfindən muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilir. Belə ki, biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına baxışlar təşkil olunur, onların sürücüləri və mexanizatorları ilə maarifləndirici söhbətlər aparılır.
Bütün bunlar ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına istiqamətləndirilmiş tədbirlərdir və hər il onun bəhrələrini görürük.
İllərdir ki, taxıl və ot yığımına başlanmazdan əvvəl ailə təsərrüfatlarının rəhbərləri, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlayır, onları texniki müayinədən keçirir, ilkin odsöndürücü vasitələrlə təmin etməyə çalışır, texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermələri müəyyənləşdirildikdən sonra onlar sahəyə buraxılır.
Taxıl biçinində iştirak edən traktor və kombayn sürücülərinin, onların köməkçilərinin, digər mexanizatorların, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxsin yanğına qarşı təlimatlandırılması da mütləq şərtlərdən biridir.
Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı borularının qığılcımsöndürənlərlə təmin olunmasına diqqət yetirilməlidir. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında şumlama işləri aparılarsa, onda həmin traktorlar da mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mövsüm dövrü kombaynın kənar şəxs tərəfindən, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikaların sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Adıçəkilən bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün hansı işlər görülməlidir? İlk növbədə, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərtilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən az 30 metr məsafəyə yığılmalıdır.
Taxıl təmizlənən xırmanlarda, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək olmaz. Bunun üçün yaxınlıqda xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Biçin zamanı baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalıdır. Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanması qəti yolverilməzdir. Tarla şəraitində texnikaların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra həyata keçirilməlidir.
Qeyd edək ki, kombaynların diyircəklərinin və digər sürtünən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanması və etibarlı bərkidilməsi diqqətdə saxlanılmalı, texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsinin vaxtlı-vaxtında təmizlənməsinə ciddi önəm verilməlidir.

Oktay RZAYEV
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, dosent