Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu hər ay olduğu kimi may ayında da bütün növ əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır.Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilmişdir. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir. Qeyd edək ki, muxtar respublikada iqtisadiyyatın davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, həmçinin sığorta-pensiya sisteminin düzgün qurulması nəticəsində fondun gəlirləri artmış, pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranmışdır.

Muxtar respublikada pensiyaların mütərəqqi üsullarla ödənilməsi sahəsində mühüm işlər görülmüş, əmək pensiyaçılarının plastik kartlar vasitəsilə pensiyalarını istənilən vaxt rahat şəkildə əldə etməsi təmin edilmişdir. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülmüş, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunmuşdur.Bütün bunlar muxtar respublikada pensiyaçılara göstərilən xidmət səviyyəsinin daha da yüksəlməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti