Əcdadlarımız ta qədimdən təbiət hadisələrini özünəməxsus şəkildə müşahidə edib, müxtəlif mövsümlərə uyğun mərasim və adət-ənənələr formalaşdırıblar. Bu adət-ənənələrdən bir çoxu dövrümüzdə də davam etdirilsə də, bəziləri ilə ancaq tarixi-etnoqrafik və folklor mənbələrindən oxuyub tanış oluruq. Yaz aylarında belə mövsümi adətlər daha çoxluq təşkil edir.
Yazın əkin-biçininə başlayan torpağa bağlı zəhmətkeş insanların bu aylarda qayğıları daha da artır. Ömrünü-gününü torpağa bağlayan əkinçilərin keyfiyyətli, məhsuldar taxıl növləri yetişdirməkdə zəngin təcrübələri olub. Belə ki, gələcək məhsulun əsası, bolluğu bilavasitə əla toxumdan asılıdır. Bunun üçün də əkinçilər toxumluq taxılın əldə edilməsinə, tez-tez yeniləşməsinə, onun saxlanılmasına zəruri iş kimi baxırlar. Atalar sözüdür: “Nə əkərsən, onu da biçərsən”, “Pis toxumdan yaxşı məhsul gözləmə”. Bu, səpiləcək toxumdan daha yaxşı və keyfiyyətli taxıl alınması inamı ilə bağlıdır.

İlk toxumsəpməni də əməli saleh, xeyirxah adamlara tapşırar, onların əlinin bərəkətinə inanarlar. “Çörəyə ki haram qatıldı, o artmaz”, – deyiblər. Əkin-biçin işində təcrübə toplamış əkinçi də bir ovuc dəni qaraca torpağa səpib: “Mən səpdim, sən min göyərt”, – deyər. Səpin vaxtı yerə duman enərsə, bu əkinin tez göyərəcəyinə inam yaradır. Yaz dumanı bərəkət, ruzi hesab olunur. Ona görə də əkinçilər “Yaz dumanı bar gətirər”, – söyləmişlər.
Xalq təqvimində yaz fəslinin ilk ayı leysan ayı da adlanır. Leysan ərəbcə nisan, neysan (aprel) sözünün dəyişdirilmiş şəklidir. Yazın bu çağında yağan yağışa leysan yağışı deyirlər. Yaz yağışının hər damlası bərəkət gətirir, bolluq gətirir el-obaya, “Yaz yağışı sel olur, sel çoxalır göl olur”, “Göy ağlamayınca yer gülməz”, – deyiblər. Uşaqlar da üst-başlarını, üz-gözlərini yağış altda isladar, nəğmə oxuyarlar:

Göy guruldayır, şimşək çaxır,
Yağış gəlir, yağış gəlir.
Çaylarımızdan sellər axır,
Yağış gəlir, yağış gəlir.

Keçmiş dövrlərdə quraqlıq olanda, zəmilər, bağ-bağatlar yananda Allah yolunda nəzir deyər, sədəqə verər, müsəllaya (yağış çağırma mərasimi) çıxardılar. Allaha yalvarardılar ki, bir damcı yağış göndərsin. Bu münasibətlə “Hodu-hodu” adlı qədim mərasim – oyun keçirərdilər. Gözlənilmədən, birdən-birə başlayan yağış qəfildən də kəsərdi. Tünd qara buludlar dağılar, göyün üzü dərhal açılardı. Aydınlıq enərdi el-obanın üstünə. Hamının yaxşı tanıdığı yeddi rəngli qövsi-qüzeh görsənər, dünyanın bu başından o başınadək uzanardı. “Hodu-hodu” oyunu indi muxtar respublikamızın bəzi bölgələrində mərasim nəğməsi kimi təqdim olunur.

Naxçıvan əhalisinin əsas təsərrüfat fəaliyyətini təşkil edən sahələrdən biri də göycə əkinləridir. Buna görə də, may ayında xalq təqviminin müəyyən dövrü “göycə dövrü” də adlandırılır. Onu da qeyd edək ki, son illər muxtar respublikanın özünəməxsus meyvələrindən olan göycə yetişdirilməsinə geniş yer verilir. Müxtəlif sortlarda yetişdirilən dadlı, ləziz göycə muxtar respublikamızdan kənarda da böyük şöhrətə malikdir. Keçirilən ənənəvi göycə festivallarına muxtar respublika sakinləri ilə yanaşı, yerli və xarici turistlərin də maraq göstərməsi bunu bir daha təsdiq edir.
Onu da qeyd etmək lazımdır ki, uzun­ömürlülərimiz qışı aranda, yayı dağlarda qarşılayıblar. Köç işinə bol məhsulun əsası kimi baxan aran elləri bunun üçün ciddi hazırlıq görərlər. Baharın bu dövrünə bəzi yerlərdə cücərti və ya çəmən ayı da deyirlər. Bu mövsümdə güneylərdə arpa biçilər, xırman döyülər, suvarma və alaq işləri aparılar, pambıq becərilər, digər işlər görülər. Elə bu vaxtlarda yaz fəslinin “qızılgül” çağı başlanır. Bu münasibətlə vaxtilə “gülab bayramı” adlı mərasim də keçirilərdi. Bu zaman adamlar şadlıq edir, bir-birinə gözaydınlığı verər, yanaqlarına, alınlarına gülab sürtər, gülab paylayırdılar. Hamı bir-birinə kiçik ətir şüşələrində gülab bəxşiş edir, müxtəlif oxuma və ayin oyunları ilə şənlənib əylənərdi.
Mərhum etnoqraf alimimiz Zaleh Novruzov bu barədə yazır: “May ayının 15-dən sonra qızılgüllər açılmağa başlayır. Naxçıvan bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gül mürəbbəsi, gülqənd, gülməşəkər hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilmişdir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün bu bitkinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub. Bu şəraitdən yararlanan ailə təsərrüfatları sahibləri qızılgül istehsalına geniş yer verməklə daha çox gəlir götürmək imkanına malikdirlər. Qızılgül əkinlərinə geniş yer verilməsi həm də xalqımıza məxsus olan qədim əkinçilik ənənələrinin yaşadılması deməkdir.
May ayında dağlarımızda bitən və qış şorabasının əsasını təşkil edən, daim yüksək qiymətləndirilən bolu, çaşır, baldırğan, sobu, çöl kəvəri, cacıq özəyi toplanır. Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları olan qədim Naxçıvan torpağı may ayında bar-bəhərlərini üzə çıxarır. Naxçıvan nemətlərinin əksəriyyətini qurudub qış fəslinə saxlayaraq onun satışını təşkil edənlər isə daha çox fayda görür”.

Yaz ayları arıçılar üçün də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə may ayında arıçıların, necə deyərlər, işi başından aşır. Buna görə də arıçılıqda may ayı “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi də adlanır. Zaleh Novruzov bu barədə qeyd edir: “Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava isinənə qədər güləm, hava isindikdən sonra isə şirə gətirir... Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış beçə verməz. Ona görə də, bəzən arıçılar deyir ki, bu il beçə ili deyil. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində iri gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda, bəzən deyirlər ki, “arı ana dəyişir”, yəni ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə, az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda köhnə arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub yeşiyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş yeşiyə girib məskən salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir. Vaxtilə arılar səbətdə saxlanılmadığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi yeşiklərdə olduğuna görə nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə çıxarmasını arzulayır.
Yaz fəslinin son ayına isə bəzi bölgələrdə “ot çalımı” dövrü deyirlər. Bu müddətdə, yəni baharın “yaşa dolduğu” müddətdə ot dizə qalxır. Suvarılan biçənəklərdən, əkinarası mərzlərdən, qoruqlardan, kəndətrafı dərələrdən yem tədarük edirlər ki, qışda mal-qara yemdən korluq çəkməsin. Təcrübəli biçinçilər biçənəyin biçin üçün yetişməsini onun sünbül və ya qönçə bağlaması, çiçəklənmənin başlanması və biçənək sahəsindən gələn ətirli qoxunun duyulması ilə təyin edirlər. Bəzi bölgələrdə ot çalımı dağ çaylarının daşdığı vaxtda başlayır. Ot biçininin başlanması və qurtarması üçün təqvim müddətlərinin təyin edilməsində yerli şərait həmişə diqqət mərkəzində olmuşdur. Yaz fəslinin axırında, yayın başlanğıcında tez-tez əsən gilavar (cənubdan əsən isti quru külək) torpağı qurudur, şehli dumanın torpağa enməsinə mane olur, zəmiləri rütubətsiz, nəmsiz qoyur. Ona görə də əkinin dən tutan vaxtı zəmilərə su verilir. Bu müddətdə əkinin suvarılması ruzinin bolluğu deməkdir. Ona görə də yazın quraqlıq keçən müddətində, əkinindən tutduğu vaxt zəmilərə su verirlər (buna dən suyu deyirlər).
Bir sözlə, xalq təqvimində yay ilin barlı-bəhərli vaxtı hesab edilir. Baharda göyərən taxıl zəmiləri yayda qızıllanır. Yay ucsuz-bucaqsız kövşənləri, biçənəkləri, dalğalı zəmiləri, bar-bərəkəti, tükənməz nemətləri ilə gözəldir. Yayın bol məhsulu isə yazda çəkilən zəhmətdən çox asılıdır. Odur ki, yaz ayları xalqımızın həyat tərzində və təqvimində özünəməxsus dövr kimi dəyərləndirilir.

 Gülcamal TAHİROVA