Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin “Badamlı” Mineral Sular Zavoduna ekskursiyası təşkil olunub.

 Ekskursiya zamanı dərnək üzvlərinə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə Naxçıvan şəhərində başlanılıb. Xarici bazarda bu süfrə suyuna tələbatın artması ilə əlaqədar olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində, suyun mənbəyində əvvəlkindən daha böyük zavod inşa olunaraq ötən ilin may ayında istifadəyə verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 14 çeşiddə qazlı və qazsız mineral su istehsal edilir. Əvvəlki zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb. “Badamlı” Mineral Sular Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb və ölkəmizin hər yerində satışı həyata keçirilir. “Badamlı” brendi ilə mineral suların xarici ölkələrə ixracı həyata keçirilir. Ötən il 3 ölkəyə 500 tondan artıq məhsul ixrac olunub.

İstehsal prosesi ilə tanışlıq şagirdlərdə muxtar respublikamızın əsas brendlərindən olan “Badamlı” mineral suları barədə dərin təəssürat yaradıb.